Ötən əsrin 80-ci illərində bütün dünya gəncləri arasında böyük populyarlıq qazanmış Almaniyanın məşhur “Boney M” qrupu avqustun 28-də Azərbaycan paytaxtında konsert proqramı ilə çıxış edəcək. “Studio 2 night club & resort” tərəfindən təşkil edilən konsert Mərdəkandakı “Aguapark”da keçiriləcək. Konsertin təşkilatçılarının verdikləri məlumata görə, “Studio 2 night & resort” klubunda baş tutacaq musiqi gecəsində “Boney M” qrupunun bakılı pərəstişkarları qarşısında tam heyətlə çıxış edəcəyi gözlənilir.
   “Boney M” qrupu 1975-ci ildə Almaniyada prodüser Frenk Farian tərəfindən yaradılıb. 1989-cu ilədək bir yerdə çıxış etmiş qrupun üzvləri bir müddət ayrılsalar da, 2007-ci ildə yenidən bir araya gələrək pərəstişkarlarını sevindirməyə başlayıblar.
   “Boney M” qrupunun keçmiş heyətinin yeganə nümayəndəsi Bobbi Farrell qrupun üç yeni üzvü ilə tamaşaçılar qarşısında çıxış edəcək. Konsertdə qrupun repertuarından məşhur kompozisiyalar təqdim ediləcək.
   Konsertdən sonra gənclər üçün “80-ci illərin diskotekası” mövzusunda xüsusi proqram təşkil olunacaq.
   Ölkəmizə ikinci dəfə səfər edən qrup avqustun 27-də Bakıya gələcək.