Bəstəkarlar İttifaqının İdarə Heyətinin oktyabrın 6-da keçirilən iclasında ilin ilk yarısında həyata keçirilən işlər və qarşıdakı tədbirlər planı müzakirə olunub.
   İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, bu ilin son rübündə tanınmış bəstəkarlar Sevda İbrahimovanın 70, Ruhəngiz Qasımovanın 70, Telman Hacıyevin 80 illiyinə həsr olunmuş xatirə gecələri keçiriləcək. Oktyabrın 27-31-də Xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş festival çərçivəsində oktyabrın 27-də Bəstəkarlar İttifaqının Konsert Salonunda kamera konserti, oktyabrın 28-də Filarmoniyada simfonik konsert, oktyabrın 30-da Musiqili Komediya Teatrında “Aldın payını, çağır dayını” tamaşası, oktyabrın 31-də Opera və Balet Teatrında “Natəvan” operası nümayiş etdiriləcək.
   Bundan başqa, noyabr ayı üçün nəzərdə tutulmuş tədbirlər planında noyabrın 5-də Tofiq Quliyevin xatirəsinə həsr olunmuş sənədli filmin nümayişi, Azər Rzayevin 80, noyabrın 8-də isə Xalq artisti Əfsər Cavanşirovun 80 illiyinə həsr olunmuş xatirə gecələrinin keçirilməsi də yer alıb.
   Noyabrın 10-dan 25-dək “Ötən illərin mahnıları” - Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının ikinci mərhələsi olacaq. Noyabrda Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfrans, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də planlaşdırılır.
   Dekabr ayında “Ötən illərin mahnıları”- Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının üçüncü mərhələsi və qala-konsert , Tofiq Bakıxanovun 80 illiyinə həsr olunmuş yubiley tədbirləri, Aida Tağızadənin, Ramiz Zöhrabovun kitablarının təqdimatı və s. tədbirlər olacaq.