Oktyabrın 16-dan 30-dək Azərbaycan paytaxtında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondunun və “Sweet Production”ın təşkilatçılığı ilə II Beynəlxalq caz festivalı keçiriləcək.
   
   Dünyanın ən irimiqyaslı caz musiqisi bayramlarından biri olacaq festivalda Azərbaycanla yanaşı, xarici ölkələrin caz ifaçıları da iştirak edəcəklər.
   İştirakçılar arasında Mat Bianko, Al di Miola, Keiko Matsui, Monti Aleksandr, Vijay İyer Trio, Erik Vloeimaens, Diane Rives kimi məşhur ifaçılar, habelə “Jazzamor” və “Şakatak” kimi tanınmış qruplar var.
   Festivalın açılış mərasimi oktyabrın 16-da Heydər Əliyev Sarayında keçiriləcək, caz ifaçılarının konsertləri isə Azərbaycan Dövlət Filarmoniyasında, Muğam Mərkəzində, Dövlət Rus Dram Teatrında, Bakı Caz Mərkəzində və “World Fashion” klubunda olacaq.
   Azərbaycanı bu nüfuzlu festivalda 2009-cu il Montre caz festivalının qalibi, gənc cazmen İsfar Sarabski təmsil edəcək.