Oktyabrın 11-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Bakı gecələri-2010” estrada mahnı festivalının növbəti - ikinci konserti olub. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini genişləndirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçıları yetişdirməkdir.
   Üç konsert proqramından (turdan) ibarət festivalın konsertlərində təqdim olunan 2010-cu ilin mahnıları münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Ən çox bal toplamış 20 əsər finala - dekabrın 24-də Heydər Əliyev Sarayında təşkil ediləcək qala-konsertə vəsiqə qazanacaq.
   Finalda iştirakçılar “Ən yaxşı bəstəkar”, “Ən yaxşı şair”, “Ən yaxşı ifa”, “Ən yaxşı oranjeman” nominasiyaları üzrə mükafatlar və qran-pri uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər festivalın laureatı adına layiq görüləcəklər.
   Müsabiqənin ikinci konsert proqramında Səyyad Əlizadə, Rüfət Axundov, Sevinc Camalzadə, Roza Zərgərli, Nadir Qafarzadə, Vaqif Şıxəliyev, Cavidan Novruzov, Leyla Ramazanlı, “Kristal” qrupu və başqaları çıxış ediblər. Növbəti konsert proqramı noyabrın 15-də keçiriləcək.
   Əvvəlki illərdən fərqli olaraq, bu il tamaşaçılar qalibləri “online” səsvermə yolu ilə müəyyən etmək imkanı qazanacaqlar. Səsverməyə noyabrın 20-də start veriləcək.