Oktyabrın 30-da Heydər Əliyev Sarayında gənc ifaçılara dəstək olmaq məqsədilə həyata keçirilən “Böyük səhnəyə yol” layihəsi çərçivəsində növbəti konsert olacaq. Layihə Heydər Əliyev Sarayının təşəbbüsü ilə gerçəkləşir.
   
   Budəfəki konsert proqramında peşəkar ifalar və musiqilərlə istedadlı gənc müğənnilər, Milli Konservatoriyanın, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbül adına musiqi məktəbinin məzunları və tələbələri çıxış edəcəklər.
   Konsertdə iştirak edəcək gənclər arasında Gülay Qədirova, Vaqif Şıxəliyev, Aynişan Quliyeva, Amil Həsənoğlu, Müşfiq Əliyev, Fuad Ağayev, Çingiz Mustafayev, Ayan Babakişiyeva, Nailə Zeynalova da var.
   Heydər Əliyev Sarayının rəhbərliyinin bu konsert proqramını hazırlamaqda məqsədi, sənətdə yeni addımlarını atan istedadlı gənclərə yol açmaq və onları üzə çıxararaq, Azərbaycan musiqi sənətini daha da zənginləşdirməkdir. Layihənin bədii rəhbəri əməkdar artisti Aybəniz Haşımovadır.