Noyabrın 16-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Bülbül Fondunun təşkilatçılığı ilə Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi oldu. Xatırladaq ki, müsabiqənin təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Nazir Keniyanın paytaxtı Nayrobidə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin sessiyasında iştirak etdiyi üçün müsabiqənin açılışına qatıla bilməmişdi.
   
   Mərasimi mədəniyyət və turizm nazirinin müavini, Bülbül adına müsabiqənin təşkilat komitəsinin sədr müavini Ədalət Vəliyev açaraq münsiflər heyətini, müsabiqə iştirakçılarını salamladı və bu əlamətdar mədəniyyət hadisəsi ilə bağlı Bakının bayram əhval-ruhiyyəsi yaşadığını qeyd etdi. Nazir müavini bildirdi ki, vokalçıların Bülbül adına birinci Beynəlxalq müsabiqəsi görkəmli müğənninin anadan olmasının 100 illiyi ərəfəsində, 1997-ci ildə xalqımızın ümummilli lideri, mədəniyyətimizin təəssübkeşi Heydər Əliyevin sərəncamı ilə keçirilib. Ötən müddətdə müsabiqənin coğrafiyası daha da genişlənib. Bülbül adına müsabiqənin qalibləri dünyanın böyük səhnələrində uğurla çıxış edərək həm Azərbaycanın adını, həm Bülbülün xatirəsini öz sənətlərində yaşadırlar. Nazir müavini müsabiqə iştirakçılarına uğurlar arzuladı.
   Müsabiqənin təşkilat komitəsinin sədr müavini, Azərbaycanın Rusiyadakı səfiri, Beynəlxalq Bülbül Fondunun prezidenti, Xalq artisti Polad Bülbüloğlu bütün qonaqları və iştirakçıları Bülbül ailəsi adından salamladı. O, beşinci dəfə keçirilən beynəlxalq müsabiqəni gənc vokalçılar üçün dünyaya açılan qapı adlandırdı. Polad Bülbüloğlu atasının adını daşıyan belə mötəbər müsabiqənin keçirilməsinə görə Azərbaycan prezidentinə, mədəniyyət və turizm nazirinə, müsabiqənin münsiflər heyətinə dərin minnətdarlığını bildirdi.
   Natiq budəfəki müsabiqədə 11 ölkədən 76 nəfər vokalçının iştirak etdiyini nəzərə çatdırdı: “Artıq bir neçə ildir bu müsabiqə özünün şöhrətli vokal məktəbi ilə tanınan Bakıda keçirilir. Müsabiqənin qalibləri bu gün dünyanın ən tanınmış səhnələrində uğurla çıxış edən parlaq ifaçılardır. Bu da təsadüfi deyil, çünki beynəlxalq münsiflər heyətinə uzun illərdən bəri təkrarolunmaz müğənni və pedaqoq, unudulmaz sənətkar İrina Arxipova rəhbərlik edirdi. Təəssüflər olsun ki, o, dünyasını dəyişib və indi bu missiya opera səhnəsinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Yevgeni Nesterenkoya həvalə olunub. Müsabiqənin tarixində ilk dəfə olaraq münsiflər heyətinin tərkibinə nəinki ifaçılar, həm də tanınmış menecerlər, prodüserlər, dünyada ən məşhur opera teatrlarının rəhbərləri daxildir. Elə ona görə də böyük nüfuz qazanan müsabiqədə iştirak etmək arzusunda olan gənc vokalçıların sayı ildən-ilə artır”.
   Polad Bülbüloğlu münsiflər heyətinin üzvlərini iştirakçılara təqdim etdi və bütün iştirakçılara uğurlar dilədi.
   Münsiflər heyətinin sədri Yevgeni Nesterenko Azərbaycanda keçirilən bu nüfuzlu müsabiqənin təşkilini yüksək qiymətləndirdi və müsabiqə iştirakçılarına müvəffəqiyyət arzuladı.
   
   “Bu səhnədir, səsdir, sirdir...”
   
   Sonra iştirakçılar arasında püşkatma mərasimi keçirildi. Gənc vokalçılar müsabiqədə neçənci çıxış edəcəklərini böyük intizarla gözləyərkən münsiflər heyətinin sədr müavini, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyliyə yaxınlaşıb müsabiqə ilə bağlı fikirlərini bilmək istədik. O, budəfəki müsabiqədə böyük rəqabət gözlənildiyini və bu baxımdan münsiflər heyətinin işinin çətin olacağını qeyd etdi. “İştirakçıların arasında çox istedadlı gənclər var. Elə ifaçılar var ki, beynəlxalq müsabiqələrin laureatlarıdır. Jurnalistlərin “kimi qalib görürsünüz? sualını isə F.Bədəlbəyli belə cavablandırdı: “Müsabiqəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Bu səhnədir, bu səsdir, sirdir, səhnədə hər şey ola bilər. Çox yaxşıdır ki, rəqabət böyükdür və əlbəttə, bu, böyük maraq doğurur. Odur ki, bütün iştirakçılara uğurlar arzulayıram”.
   Filarmoniyanın direktoru Murad Adıgözəlzadə də müsabiqə ilə bağlı fikirlərini bildirdi:
   “Təbii ki, bu müsabiqəyə qatılan hər bir iştirakçı çox həyəcanlıdır. İlk növbədə onlara müvəffəqiyyətlər arzulayıram. Çoxsaylı ölkələrdən qonaqlarımız var, o cümlədən Azərbaycandan 13 nəfər çox istedadlı iştirakçımız var ki, uğurla çıxış etsələr, ən yaxşı yerləri tuta bilərlər. Ümumiyyətlə, hər bir müsabiqənin məqsədi yeni istedadları üzə çıxarmaqdır. Əminəm ki, bu müsabiqə dünya səhnəsi üçün yeni bir vokalçını kəşf edəcək.   
   Püşkatma mərasimi başa çatdı. Kim neçənci iştirak edəcək, artıq bu məlumdur, bəs kim birinci olacaq, bunun üçün isə müsabiqəni sona kimi izləmək lazımdır.
   Qeyd edək ki, noyabrın 21-dək davam edəcək müsabiqədə Qran-priyə layiq görüləcək iştirakçıya 10 000, I mükafatı qazanana 5000, II mükafatı əldə edənə 3000, III mükafatın sahibinə isə 1000 ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Müsabiqənin xüsusi mükafatları da olacaq. Ən yaxşı tenor üçün mükafat (Bülbülün xatirəsinə həsr olunur), Bülbül repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifası üçün mükafat, ən yaxşı xalq mahnısının ifası üçün mükafat nəzərdə tutulub. Bundan əlavə, müsabiqə iştirakçıları yaradıcılıq ittifaqlarının, dövlət və ictimai təşkilatların xüsusi mükafatları ilə təltif oluna bilərlər. Müsabiqədə ən yaxşı müşayiətə görə konsertmeysterlər üçün də üç mükafat nəzərdə tutulub.
   Qeyd edək ki, dünən müsabiqənin təşkilat komitəsindən aldığımız məlumata görə, 76 iştirakçıdan 25 nəfəri ikinci tura vəsiqə qazanıb. Bu gün isə üçüncü tura vəsiqə qazanmış ifaçılar məlum olacaq. Müsabiqə davam edir...
   
   Təranə Vahid