Polşanın Belostok şəhərində dahi polyak bəstəkarı Frederik Şopenin 200 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib. Polşanın Mədəniyyət Nazirliyi, Podlaziya Opera Teatrı və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə təşkil olunan konsertdə dirijorların Arturo Toskanini adına IX Beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Əyyub Quliyev çıxış edib. Konsert Polşada dövlət səviyyəsində qeyd olunan “Şopen ili” çərçivəsində gerçəkləşib.
   Tədbirdə Ə.Quliyevin dirijorluğu ilə Podlyaziya Filarmonik orkestri Aleksandr Skryabinin IV simfoniyası - “Ekstaz poeması”nı (Belostokda ilk ifa) və Rixard Vaqnerin “Tristan və İzolda” operasına “Giriş” və “İzoldanın ölümü” əsərlərini məharətlə ifa edib.
   Yubiley gecəsində dünya şöhrətli musiqiçi, Brüsseldə keçirilən Kraliça Yelizaveta adına pianoçuların beynəlxalq müsabiqəsinin qalibi Jeffri Suvonun (Jeffry Swann) ifasında F.Şopenin fortepiano və simfonik orkestr üçün 1 saylı konserti səslənib.
   Konsertdən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək son illər ərzində Polşada gerçəkləşən konsertlərdə azərbaycanlı musiqiçilərin fəal iştirakını, ölkələrimiz arasında olan mədəni əlaqələrin inkişafında bu tədbirlərin rolunu qeyd edib.