Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 1-də Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi başlanıb. Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində uşaq müsabiqəsinin zona mərhələsi keçirilib. Müsabiqədə Ağcabədi, Ağdam, Ucar, Zərdab, İmişli, Kürdəmir, Füzuli, Laçın və Beyləqan rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edib.
   Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi Ağcabədi rayonu ilə yanaşı, zonalar üzrə Bakı, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Gəncə və Naxçıvan şəhərlərində də keçirilir. Aprelin 30-dək davam edəcək müsabiqədə Azərbaycanın bütün bölgələrindən uşaq xor kollektivləri iştirak edirlər.
   Yekun mərhələdə Bakı şəhərində qaliblərin konsertinin təşkili nəzərdə tutulur. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom, fəxri fərman və pul mükafatları ilə təltif olunacaqlar.