Zaman-zaman milli musiqi xəzinəmizə öz töhfəsini verən, onu zənginləşdirən istedadlı sənətkarlar yaşayıb. Belə sənətkarlardan biri də milli vokal məktəbimizin görkəmli nümayəndəsi Məcid Behbudov (1873-1945) olub. Onun həyat və yaradıcılığı barədə tanınmış yazıçı-jurnalist, Şuşa sənətkarlarının irsinin tədqiqatçısı Vasif Quliyevlə söhbət etdik:    
   
   - Məcid Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. Erkən yaşında ikən atası Behbudəli vəfat edir, ailənin qayğıları Məcidin çiyninə düşür. Bu səbəbdən də bir sənət sahibi ola bilmir. Sonra bir tacirin yanında satıcı düzəlir, küçə və məhəllələri gəzib arşın malı satmağa başlayır. Gün keçir, ay dolanır, bu yaraşıqlı arşınmalçı şəhərdə barmaqla göstərilir. Onun küçələrdən keçərkən “ay arşın malı alan!” deyib avazla oxuması çoxlarını məftun edir...
   - Deməli, Məcid Behbudovda təbiətən gözəl səs, xanəndəlik istedadı olub.
   - O, valideynlərini vaxtsız itirsə də, tale ona əvəzsiz bir sərvət verir. Məlahətli səsi şəhər camaatını valeh edir. Eyni zamanda din xadimlərinin də diqqətini çəkir. Yuxarı Gövhərağa məscidində minacat verməyə dəvət olunur. Tez-tez musiqi məclislərində və el şənliklərində oxuyur. Sənətin çətin, enişli-yoxuşlu cığırları ilə irəliləyir. Lakin arşınmalçılıq onun gündəlik çörək ağacına çevrildiyindən bu işdən ayrıla bilmir.
   - Məcid Behbudov ömrünün çox hissəsini Tiflisdə yaşayıb. Şuşadan Tiflisə necə gedib çıxıb?
   - Bir gün Məcid yenə arşın malı satmağa gedir. Gəlib səsli-küylü bir imarətin qabağında dayanır. Arşınmalçının səsinə ev sahibəsi qapını açır. Onu içəri dəvət edir. O, həyətə daxil olanda qarşısına yaraşıqlı gənc bir qız çıxır. Qızı görcək dili tutulur. Lal-kar geri dönür. Ertəsi günü yolu yenə həmin məhəllədən düşür. Evin qarşısından keçəndə məlahətli bir səslə “ay arşın malı alan!” - deyə səslənir. Həyətin darvazası yenə açılır. O, özünü ələ alıb içəri keçir. Arşın malı gətirdiyini bildirir. Qızlarla əsl arşınmalçı dili ilə danışır. Ancaq gözü dünən gördüyü qızda olur. Sonra arşın malı satmaq bəhanəsi ilə bir neçə dəfə bu həyətə gəlir. Qızın adını soruşur, özündə cəsarət tapıb ürəyini ona açır. Qızda ona qarşı qarşılıqlı məhəbbət yaranır. Günlərin birində onlar bir-birinə qoşulub Qarabağdan uzaq bir məmləkətə - Tiflisə gedirlər. Burada Məcid arşınmalçılığın daşını atır, başlayır xanəndəlik etməyə. Bu hadisə uzun müddət şuşalıların söhbət mövzusu olur. Hətta dahi bəstəkar Üzeyir Hacıbəylinin yaddaşında da qalır. Sonralar məşhur “Arşın mal alan” operettasının qəhrəmanı Əsgərin timsalında Məcid Behbudovun obrazını yaradır.
   - Məcid Behbudovun qaçırdığı qız kim imiş?
   - Firuzə adlı qız polkovnik Abbasqulu bəy Vəkilovun (1844-1924) övladı imiş. Bu ailə əslən Qazax qəzasının Salahlı kəndindən, məşhur Vəkilovlar nəslindən olub. Firuzə xanım Tiflisdə Müqəddəs Nina Qızlar Gimnaziyasını bitirib, rus, fransız dillərini mükəmməl bilib. Teatrı, musiqini sevib və Avropa ədəbiyyatına yaxından bələd olub...
   - Bu iki gəncin Tiflis həyatı haqda nə deyərdiniz?
   - Onlar Tiflisin azərbaycanlılar yaşayan məhəlləsində yerbəyer olurlar. Məcid şəhərdə yaşayan şuşalı musiqiçiləri tapır, onlarla toylara, el şənliklərinə gedir. Az vaxt ərzində musiqisevərlər arasında tanınır. Görkəmli aktyor, xanəndə Cəlil bəy Bağdadbəyov xatirələrində yazır ki, Məcid Behbudov 1906-1907-ci illərdə Tiflisdə xanəndəliyə başlayır. Tezliklə Tiflis, İrəvan və Naxçıvanda geniş şöhrət qazanır.
   - Onun sənət dostları və musiqi həyatı ilə bağlı hansı məlumatlar var?
   - Məcid Behbudovun ən yaxın sənət dostu tarzən Məşədi Zeynal Haqverdiyev olur. Onlar birlikdə bir çox şəhər və kəndlərdə toy məclisləri aparıblar. Müasirlərinin dediklərinə görə, Məcid bir neçə dil bilib, mahnılar oxuyub. Ona görə də tez-tez gürcü, ləzgi və digər millətlərin toy şənliklərinə dəvət olunub. Onun ən çox oxuduğu yer Tiflisin “Dvoryanski klubu“ olur. Ötən əsrin əvvəllərində onun şan-şöhrəti yaxın-uzaq şəhərlərə də yayılır. 1910-cu ildə o, Riqanın “Qrammafon“ cəmiyyəti tərəfindən dəvət alır. Tarzən Məşədi Cəmil, qarmonçalan Kərbəlayi Lətif, Malıbəyli Həmid kimi xanəndələrlə Riqa şəhərinə gedir. Bir neçə muğam, xalq mahnısı və təsnifi vala yazdırır. Həmin illərdə bu məqsədlə bir çox Avropa ölkələrinə də dəvət alır. Onu bu səfərlərdə rus və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət edib.
   - Məcid Behbudovun aktyorluq fəaliyyəti ilə bağlı hansı faktlar aşkar etmisiniz?
   - Ustad xanəndənin opera səhnəsində də çıxışları olub. 1911-ci il martın 6-da Bakıda Saşa Oqanazeşvilinin “Nikitin qardaşlarının teatrı”nda tamaşaya qoyulan “Fərhad və Şirin” operasında Xosrov rolunda çıxış edir. 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının ilk tamaşasında Ələsgər Abdullayev və Bülbüllə tərəf-müqabil olur. Üzeyir Hacıbəylinin opera və operettalarında müntəzəm olaraq müxtəlif rollarda çıxış edir. O dövrün mətbuatında xanəndə-aktyorun səhnə fəaliyyətinə yüksək qiymət verilib...
   - Onun sovet dövrü həyat və yaradıcılığı ilə bağlı nə deyə bilərsiniz?
   - 1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, Firuzə xanım Vəkilova isə maarif sahəsində çalışır, şəhərin Azərbaycan məktəblərində rus və fransız dili dərslərini tədris edir. Tiflisdə Klara Setkin adına Türk Qadınlar Klubuna rəhbərlik edir. Firuzə xanım Vəkilova 1933-cü ildə 44 yaşında vəfat edir. Bu itkidən çox pərişan olan Məcid Behbudov İrəvana gedir, İncəsənət İşçiləri İttifaqının Şərq orkestrində işə düzəlir. Amma orada da çox qala bilmir. Firuzənin ana vətəni Qazax rayonuna gəlir, mədəniyyət evində işə düzəlir.
   Bu zaman oğlu Rəşid artıq tanınmış müğənni idi. Onun sənət uğurları atasını fərəhləndirir. Rəşidin 1945-ci ildə “Arşın mal alan” filmində baş rola çəkilməsi və atasının gənclik obrazını yaratması, onu sanki qanad açıb uçmağa həvəsləndirir. Bakıda filmin çəkilişi başa çatmaq üzrə olan vaxtda mərdimazar ermənilər Rəşidə teleqram vururlar: “Atan rəhmətə gedib, durma gəl!”. Özünü Qazax rayonuna çatdıran Rəşid evlərinin həyətində atasının oturub çay içdiyini görür. Rəşid atasına: “Eyib etməz, ata, qoy bildiklərini etsinlər”, - deyir. Rəşid atası ilə vidalaşıb Bakıya dönür. Bu görüşündən az sonra Məcid Behbudov dünyasını dəyişir və Qazax rayonunda dəfn olunur...
   Görkəmli muğam ustası taleyin ömür payını bax, belə yaşayıb. Bir xanəndə kimi adı musiqi tariximizə yazılıb. Səsi yazılmış onlarca val indi muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən, Böyük Britaniyanın məşhur Kral Kitabxanasında saxlanılır. XX əsrin əvvəllərində İngiltərənin “Qrammafon-Rekords” şirkəti tərəfindən buraxılmış 40-dan artıq valın içərisində “Şuşa təsnifi”nin xüsusi yeri var. Bu vala yazılmış “Qalalıyam, qalalı!” xalq mahnısını isə böyük sənətkar Məcid Behbudovun doğma yurdu Şuşaya, onun insanlarına olan sonsuz məhəbbəti və ehtiramı hesab etmək olar...
   
   Söhbəti qələmə aldı:
   Savalan Fərəcov