Uşaq vaxtı kənd toylarında məclisdəkiləri öz şirin oxuları ilə ovsunlayan aşıq və xanəndələrə həsədlə qulaq asan balaca Zeynal hərdən özünü onların yerində təsəvvür edərdi. Şirin səsi, avazı ilə artıq kənddə tanınırdı. Yəqin ki, bu səs elə Şamaxının Quşçu kəndindən kənara çıxmayacaqdı, əgər xoş bir təsadüf olmasaydı... 
   
   1999-cu ildə təcrübəli tarzən, gənc istedadların üzə çıxarılmasında böyük əməyi olan Mehman Mikayılov Quşçuda toy apararkən kənd adamlarının təkidilə onun səsinə qulaq asdı. Bu, onun sənət gələcəyini müəyyənləşdirən taleyüklü bir an idi. Tarzən Zeynalın oxuduğu “Bəstənigar təsnifi”ndə təcrübəsizlikdən irəli gələn müəyyən çatışmazlıqlar görsə də, səsindəki ovsun və məlahət onu valeh etmişdi. Odur ki, o, fikirləşmədən Zeynal Əhmədovu Şamaxı şəhərinə - sənətlə ciddi məşğul olmağa dəvət edir. Bu yerdə bir qədər irəli gedib əlavə edək ki, Mehman Mikayılovun o vaxt artıq 27 yaşı vardı, ailə qurmuşdu. Odur ki, tarzən M.Mikayılovun bu yaşda Zeynalı “sənət karvanı”na qovuşdurmaq istəyi çoxlarına ümidsiz bir cəhd kimi görünürdü. Amma o, nə etdiyini yaxşı bilirdi və bu gün Quşçu kəndinin sakinləri teleekranda Zeynalın çıxışlarını seyr edəndə qürurlandıqlarını dilə gətirərək təcrübəli musiqiçiyə “Sağ ol!” deyirlər.
   Rayon mərkəzində muğam dərsləri almağa başlayan Z.Əhmədov həm də Şamaxı Mədəni-Maarif Kollecinə daxil olur. Onun istedadına başqalarında inam yaratmaq üçün M.Mikayılov Zeynalı 2000-ci ildə “Muğam” assosiasiyasının keçirdiyi müsabiqədə iştirak etmək üçün Bakıya aparır. İfa təcrübəsinin azlığı bu yarışmada ona yüksək yer tutmağa imkan verməsə də, o, burada münsiflər heyətinin sədri, Xalq artisti İslam Rzayevdən bu gün də unudulmayan, həm də əsl həqiqəti ifadə edən ustad dəyərləndirməsi eşidir. Zeynalın gələcəyinə böyük ümidlər bəslədiyini dilə gətirən görkəmli sənətkar onun səsinin çox bənzərsiz olduğunu, “qumru səsi”nə oxşadığını dedi. Qeyd edək ki, gənc xanəndənin çalışqanlığı tezliklə nəticəsini verdi və o, 2002-ci ildə həmin müsabiqədə oxuduğu “Mənsuriyyə” ritmik muğamına görə III mükafata layiq görüldü.
   Elə həmin il Şamaxıdakı təhsilini (kollecin kitabxanaçılıq şöbəsini) başa vuran Zeynal Əhmədov muğam sahəsində ciddi təhsil almağa qərar verir. Sənət idealı olan Xalq artisti Alim Qasımovdan dərs almaq niyyətilə A.Zeynallı adına Bakı Musiqi Kollecinə üz tutur. Buradakı sınaqdan uğurla çıxan Z.Əhmədov iki il görkəmli muğam ustası Alim Qasımovun tələbəsi olur. 2004-cü ildə Ə.Məmmədov, C.Əkbərov, G.Məmmədova və başqa sənətkarların qarşısında oxuduğu “Şur” dəstgahı ilə qazandığı muğam ustalığını nümayiş etdirən gənc xanəndə təhsilini “əla” qiymətlə bitirir. Bir müddət sonra AzTV-nin “Muğam saatı”nda oxuduğu “Bayatı-şiraz” dəstgahı ilə tamaşaçı rəğbəti qazanır...
   İndi o vaxtdan yeddi il keçib. Təbii ki, bu müddət hər hansı bir sənətçinin dəst-xəttinin formalaşması üçün bir o qədər yetərli deyil. Odur ki, Zeynal Əmədov üçün də ötən illər daha çox axtarışlarla zəngin olub. Elə onunla söhbətimizdə də gənc xanəndənin öz səs və ifa idealına qovuşmaq yolunda ciddi axtarışlarla baş-başa qaldığına əmin olduq. Bunu onun geniş tamaşaçı və dinləyiciyə hələ tanış olmayan lent yazıları da təsdiqləyir.
   Muğama vurğunluğunun Qədir Rüstəmov və Alim Qasımov kimi səs və icra möcüzəsi sahiblərindən qaynaqlandığını deyən Zeynal Əhmədov klassik ifaçıları dinləməkdən usanmır. Yəqin buna görədir ki, onun ifasında təqdim olunan musiqilərdə zamanlar arasında ruhi-mənəvi əlaqə duyulmaqdadır. Onun ifasında “Orta mahur”, “Şur”, “Bayatı-Şiraz”, “Çahargah” muğamları, “Sarənc təsnifi”, “Gül açdı”, “Segah təsnifi” və digər xalq mahnıları bu cür estetik yüklüdürlər. Onun səs potensialı istənilən xalq mahnısına yeni ovqat vermək gücündədir. Muğamlarda az oxunan qəzəllərə üstünlük verən xanəndə onların təqdimatına, məna-məzmun yükünə, musiqinin ruhuna uyğunluğuna xüsusi əhəmiyyət verir. İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir və Ə.Vahidin qəzəlləri onun repertuarında əsas yer tutur.
   “Muğam-radio”nun internet vasitəsilə yayılan repertuarında onun ifasında bir neçə təsnifin yer alması da onun ifasının özünəməxsusluğuna tanınmış muğam mütəxəssislərinin inamının, bu çətin seçimdə yüksək sənətkarlıq nümayiş etdirməsinin nəticəsidir.
   Zeynal Əhmədovun səsini ölkəmizlə yanaşı, Türkiyə və İranın muğamsevərləri də dinləyib dəyərləndiriblər. Dinləyicilər onun “qumru səsi”nə, duyğulandırıcı avazına heyran kəsiliblər. Elə biz də inanırıq ki, bu səsin böyük konsert salonlarından səslənəcəyi, milli irsimizi dəyərləndirənlərin qürurla dilə gətirəcəyi gün uzaq deyil...
   
   Ziyadxan Əliyev,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar