Fatmayı kəndində yerləşən 9 saylı Şuşa ümumtəhsil məktəbinin nəzdində fəaliyyət göstərən Turşsu kənd uşaq musiqi məktəbinin yekun konserti keçirildi. 
   Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov və məktəbin direktoru İlham Həsənov çıxış edərək məktəbliləri təbrik etdilər, onlara uğurlar arzuladılar.
   Açıq havada təşkil olunan proqram izləyicilər tərəfindən maraqla qarşılandı. Şagirdlərdən Şəbnəm Ağayarova, Günay Məmmədova, Nihad Abbasov və Elşən Mehdiyevin piano və tarda ifaları xüsusilə fərqləndi. Məktəbin səs şöbəsinin şagirdi Arzu Məmmədovanın ifa etdiyi “Şuşanın dağları” mahnısı dinləyiciləri təsirləndirdi.
   Konsert barədə təəssüratlarını bölüşən məktəbin fortepiano şöbəsinin müdiri İlhamə Əzimova, müəllimlərdən Amil Məmmədov, Sevda Məmmədova bildirdilər ki, çətin şəraitdə dərs keçmələrinə baxmayaraq, 2010-2011-ci tədris ilində əldə olunan nailiyyətlər öz bəhrəsini verib. Bundan sonra daha əzmlə çalışmaq, daha çox istedad yetişdirmək lazımdır.
   Sonda qonaqlar məktəblilərə Şuşanın adına layiq ifaçı olmaq üçün daha çox çalışmalarını tövsiyə etdilər və gələcəkdə bu cür konsertlərin Şuşada təşkil olunacağına inandıqlarını bildirdilər.