Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin konserti
   
   Maestro Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr edilmiş konserti keçirildi. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış etdilər.
   
   Konsertdən öncə musiqişünas, Bakı Musiqi Akademiyasının dosenti Səadət Səttarova çıxış edərək, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tarixi haqqında məlumat verdi. Qeyd olundu ki, 80 yaşlı məktəbdə vaxtilə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaxşı mütəxəssislər, pedaqoqlar cəmləşmişdi: “40-cı illərdə məktəb böyük yaradıcılıq dövrü yaşayırdı. 50-ci illərdən sonra isə məktəbin yetirmələri beynəlxalq arenaya yol tapdı. Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu və digər tanınmış musiqiçilər bu məktəbin yetirmələridir».
   S.Səttarovanın çıxışından sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olundu. Vurğun Vəkilovun (fortepiano) ifasında F.Listin «Məhəbbət xülyaları», Atabəy İsmayılovun ifasında (tar) Niyazinin «Arzu», Aynur Abdullayevanın (fortepiano) ifasında F.Şopenin «Etüd № 8», Nərminə İsmayılovanın (fortepiano) ifasında V.A.Mosartın «Re-Minor fantaziya», Tamilla Əhmədova və Tamilla Cəfərzadənin ifasında «Romans» və s. musiqi nömrələri maraqla qarşılandı.
   
   Gülər