Bəstəkar İsa Məlikov Çernoqoriyada keçirilən "Suncane Skale" festivalı üçün mahnı bəstələyib. İsa Məlikov bildirib ki, onun “Power:Positive” mahnısını Glenys Vargas və Kevin Ettiene ifa edəcəklər. Mahnıda Azərbaycanın milli elementlərindən, saz, nağara və digər musiqi alətlərindən istifadə olunub: “Çox sevinirəm ki, mahnı xaricilər tərəfindən ifa olunacaq. Belə beynəlxalq festivalda Azərbaycan adının səslənməsi gözəl haldır”.
   "Suncane Skale" festivalında 22 ifaçı yarışacaq. Glenys Vargas əslən amerikalıdır, o, 2010-cu ildə “Eurovision” mahnı müsabiqəsində Albaniyanı təmsil etmiş Juliana Pashanın bek-vokalçısı olub. Kevin Ettiene isə Böyük Britaniyadandır. Hazırda cütlük Romada yaşayır. Festivalın finalı iyulun 5-də keçiriləcək.