Ötən illərin mahnıları
   
   Bu qızlar 70-ci illər Bakısının simasına çevrilmişdi
   
   Vaqif Mustafazadə. Bu ad Azərbaycan musiqisinin, caz sənətinin ayrılmaz hissəsidir. Musiqimizin bütöv bir dövrü onun adı ilə bağlıdır. O, ilk baxışda bir-birinə tam əks olan Şərq və Qərb aləmlərini, «Bayatı-şiraz», «Şur», «Rast» muğamlarını cazla birləşdirərək yeni bir janr - caz muğamı gətirib musiqimizə. Amma bütün bunlarla yanaşı Vaqif Mustafazadə gözəl rəhbər, daim yenilikçi təşkilatçı və tələbkar pedaqoq olub.
   
   
   «Leyli»dən «Sevil»ə
   
   Ötən əsrin 60-cı illərində Bakıdan Tiflisə köçən Vaqif Mustafazadənin yaradıcılığının bir dövrü də məhz bu şəhərlə bağlı olub. Tiflis Dövlət Filarmoniyasında işə başlayan cazmen burada özünün ilk, Tiflis musiqi tarixində isə yaddaqalan qruplarından birini yaradır. Cazmenin bir-birinin ardınca yaratdığı və rəhbərlik etdiyi qruplar sevilməyə və böyük populyarlıq qazanmağa başlayır. Bu qruplardan biri də Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu kimi tarixə düşən «Sevil» vokal instrumental ansamblı idi.
   Düzdür, bu kvartetdən öncə bəstəkarın yaratdığı və qısa zamanda fəaliyyət göstərən «Leyli» adlı ansamblı da olub. Sırf caz üslubunda mahnılar oxuyan qrup əsasən konsert proqramları və tədbirlərdə çıxış edib. Elə ona görə də «Leyli»nin televiziyanın fondunda lent yazıları azdır. 1970-ci ildə bakılı musiqisevərlərə təqdim olunan bu qrupun düz bir ildən sonra adı və tərkibi tam dəyişdirildi. 1971-ci ilin 31 dekabrında tamaşaçılar televiziya ekranı ilə yayımlanan Yeni il konsertində 4 istedadlı və gözəl qızın cəm olunduğu «Sevil» vokal instrumental ansamblının ifalarını izlədilər. Cəfər Cabbarlının «Sevil» dramından götürülən bu ad Azərbaycan qadınının simolu olaraq Vaqif Mustafazadə və eləcə də onun musiqisinin pərəstişkarı olan minlərlə sənətsevərə daha yaxın və doğma oldu. Beləcə bu ansamblın ifasındakı bir-birindən fərqli və maraqlı ifalar tez bir zamanda sevilməyə və sürətlə populyarlıq qazanmağa başladı.    

   Nəğmələr güllərə bənzər...
   Nəğmələr dünyanı gəzər...
   
   Elza Mustafazadə, Dilarə Cahangirova, Rəna Talıbova və Sevil Allahverdiyevadan ibarət qrup elə ilk çıxışlardan tamaşaçıların yaddaşında qaldı. Debüt Azərbaycanda rəngli televiziyanın yaranması ilə eyni günə təsadüf etdi və bu istedadlı qızların ifası, yeni janr - muğam-caz üslubunda qeyri-adi improvizələri böyük maraqla qarşılandı. Qrupun repertuarını xalq mahnıları ilə yanaşı, Azərbaycan bəstəkarlarının bir-birindən fərqli və maraqlı musiqiləri bəzədi. Təbii ki, bu mahnıların demək olar ki, hamısı ustad cazmenin fərqli aranjemanında, istedad və muğam-cazla etdiyi improvizələri ilə daha da gözəl və qulağayatımlı oldu. «Sevil» elə həmin il Moskvada, SSRİ Bəstəkarlar İttifaqının geniş salonunda çıxış etdi. Maraqlı və dolğun xatirələrlə dolu illərə ansamblın gənc və gözəl solistlərindən olan istedadlı pianoçu, Vaqif Mustafazadə adına «Sevil» vokal instrumental ansamblının rəhbəri Rəna Talıbova ilə səyahət edək:
   - Vaqif Mustafazadə böyük musiqiçi olmaqla yanaşı, həm də çox böyük insan, sadə, təvazökar sənətkar idi. Qaraqabaq görünüşü ilə ciddi təsir bağışlasa da, əslində çox mehriban, gözəl yumor hissinə malik insan idi. O həm də çox tələbkar rəhbər idi. Hər ifanın, hər səs tembrinin üzərində ciddi, dönə-dönə dayanardı. Mən bu ansambla Bülbül adına Orta İxtisas Musiqi məktəbindən gəlmişəm. Bunun maraqlı tarixçəsi var. O ərəfədə kvartetin qızlarından biri naməlum səbəbdən qrupu tərk etmişdi. Bu zaman Moskvada olan Vaqif Mustafazadə Bakıya telefon açaraq deyir ki, təcili bir qız tapın. Oxuduğum məktəbə gələndə məni nişan veriblər. Vaqif müəllim səsimi, ifa tərzimi, maneramı yoxladı. Bəyəndi. O, ansambldakı hər kəsə qarşı tələbkar idi. İşgüzar idi, bəzən gecə yarıyadək fortepiano arxasında oturub nə isə yeniliklər axtarardı. Musiqi partiyalarını dəqiqliklə seçdiyindən ifalar da uğurlu alınırdı. Vaqif müəllim ümumilikdə dahi və təvazökar insan idi. Amma buna baxmayaraq uşaqla uşaq, böyüklə böyük idi. Çox kövrək, incə ruhlu idi. Onunla işləmək, «Sevil»də olmaq sənət həyatımın ən gözəl məqamlarıdır. Onlar şirin xatirə kimi ömrümün sonunadək məni tərk etməyəcək.
   O ansambldakı ifaçıları elə sərrast seçmişdi ki, onların peşəkarlığı, gözəl musiqi duyumu və ritmi sayəsində istədiyi improvizələri asanlıqla tətbiq edə bilirdi. Onların ifasında xalq mahnıları, Qara Qarayevin, Cahangir Cahangirovun, Rauf Hacıyevin, Tofiq Quliyevin və digər görkəmli Azərbaycan bəstəkarlarının bir-birindən maraqlı bəstələri yer alırdı. Təbii ki, bu ifaları daha da sevilən edən Vaqifin qeyri-adi istedadının qatqıları idi. Tamaşaçıların indi də sevə-sevə dinlədikləri «Yollar», «Qarabağ», «Ceyran», «Güllü», «Bahar bayramı», «Getmə, amandır» mahnıları məhz o böyük yaradıcılıq eşqinin məhsuludur.
   
   Vətənə dönüş, uğurlu işlər...
   
   Tiflisdə yaşadığı müddətdə məşhur «Orero» ansamblını yaradan Vaqif məhz bu ansamblda «Sevil»in solisti və gələcək həyat yoldaşı Elza xanımla tanış olur. Böyük musiqiçinin şəxsi və sənət həyatının gözəl anlarının məhsulu olan «Sevil»in də uğur zənciri məhz bu məqamla bağlı idi. Xoşbəxt ailə həyatı və sənətdə qazanılan uğurlar sənətçini daha böyük şövqlə işləməyə həvəsləndirirdi.
   Rəna xanımla söhbətə qayıdaq:
   - Bu illər Vaqif Mustafazadənin həyatının ən məhsuldar mərhələsi idi. Vaqifin Tiflis sərhədlərini aşan şöhrəti Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyevin də diqqətini çəkmişdi. Ona görə də Vaqifin anası Zivər xanımdan onu Bakıya çağırmasını xahiş etdi. 1969-cu ildə Vaqif Azərbaycana qayıtdı. Təbii Elza xanımla birlikdə. Ümumilikdə Elza xanım istər Vaqifin, istərsə də «Sevil»in həyatında dərin izlər qoydu. Ansamblımızın televiziyadakı ifalarından sonrakı böyük tamaşaçı marağı sayəsində bizi o vaxt Azərbaycan Televiziya və Radio Komitəsində ştata götürdülər. Hər həftə televiziyada konsertlərimiz olurdu.
   
   Əzizənin şaşqın baxışları və gurultulu alqışlar
   
   Əslində ömrün hər anı, ötən hər saat bir xatirə kimi illər sonra bizə təsəlli, həyan olur, həyat, yaşam ruhumuzu ölməyə qoymur. Bu mənada sənət və sənətkar ömürü cild-cild xatirə toplusu, nostalji yığınıdır. Elə Rəna xanımla Vaqifli, «Sevil»li günlərə qayıdarkən də o xatirələrlə baş-başa qaldıq. 1975-ci ildə Tiflisdə iştirak etdikləri «Zaqafqaziya baharı» festivalını xatırladı:
   - Hər il keçirilən bu möhtəşəm musiqi bayramında biz də çıxış etdik. Səhnədə qoyulan fortepiano arxasında bizi yenə də dahi Vaqif Mustafazadə müşayiət edirdi. Proqrama daxil olan mahnıları oxuduq və səhnə arxasına keçdik. Bu an zalda gülüş qopduğunu gördük və tez pərdənin küncündən səhnəyə boylandıq. Vaqifin qızı Əzizə biz səhnəni tərk edən kimi oraya, atasına tərəf qaçıb və atasının ona məhəl qoymadan ifasını davam etdirməsinə təəccüblənərək küskün-küskün səhnənin düz ortasında dayanıb. Bütün zal da ona baxır. Şaşqınlıqla gah atasına, gah da səhnəyə baxan Əzizə Vaqifin əsəbiləşdiyini görüb yerində donmuşdu. Bütün tamaşaçılar da bu mənzərənin nə ilə nəticələnəcəyini gözləyirdilər. Birdən həzin, gözəl səs səhnəni bürüdü. Əzizə akapellada «Qara gözün vəsməsi» mahnısını oxuyurdu. Bir anda bütün zal ayağa qalxdı və sürəkli alqışlarla qızcığazı müşayiət elədi. Düzdür, sonra Vaqif müəllim bundan çox əsəbiləşdi. Amma təbii ki, sonra üzündə sevinc dolu təbəssüm əmələ gəldi. Mən hər dəfə o illərə bax bu xatirələrdən boylanıram.
   
   Sənə çatmır harayım...
   
   «Zaqafqaziya baharı» festivalında uğurla çıxışdan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Müxtəlif şəhərlərdə çıxışlar, qastrollar bir-birini əvəz edir. Hər kəsin sevgisini qazanan «Sevil» ansamblı heç kimin gözləmədiyi halda 1977-ci ildə fəaliyyətini dayandırır. Qrupun fəaliyyətini dayandırmasında bir neçə fərziyyə irəli sürülür. Bu fərziyyələrdən biri qrupun məhz qadınlardan ibarət olmasının özünəməxsus çətinlikləri ilə əlaqədar idi. Heyətdəki gənc ifaçıların ailə həyatı qurmaları səbəbi ilə qrupun tərkibi mütəmadi dəyişirdi. Tez-tez xarici səfərlərə dəvət almasına baxmayaraq ya qızların ailə problemləri, ya da təhsil məsələləri ilə bağlı olaraq o səfərlərə gedə bilmirdilər. Digər fərziyyə isə musiqiçinin yeni bir ansambl yaratması ilə izah olunur. Həqiqətən də «Sevil»dən sonra o 1977-ci ildə «Muğam» caz üçlüyünü yaradır. Və ardınca Tiflisdəki festivalda ən yaxşı pianoçu adını qazanır. Muğam üçlüyünə rəhbərlik edərək Tallin və Tiflisdə festivalların laureatı olur.
   
   «Sevil» yenidən bizimlədir
   
   Bir neçə il əvvəl Azərbaycan tamaşaçısı «Sevil» kvartetini yenidən səhnədə gördü. Bu dəfə qrup Vaqif Mustafazadə adına «Sevil» vokal ansamblı adı altında təqdim olundu. Dahi cazmenin adını və xatirəsini əbədiləşdirən bu heyət yeni tərkibi, lakin əvvəlki parlaqlığı ilə çıxış etməyə başladı. Qrupun rəhbəri, pianoçu Rəna Talıbova yeni «Sevil» ansamblı haqqında da danışdı:
   - Vaqif dünyasını dəyişdikdən sonra bu barədə çox düşündüm, onun adını əbədiləşdirməklə ona olan sevgimi mən də bu cür ifadə etdim. Onu da deyim ki, əvvəlki kvartetdən fərqli olaraq yeni ansambl 6 üzvdən ibarətdir. Ansamblın repertuarını keçmiş «Sevil»in repertuarı və müxtəlif bəstəkar mahnıları təşkil edir. Əvvəlki kvartetin yalnız ifa dəst-xətti yox, eyni zamanda, ansamblın qızlarının səhnə geyimləri də retro xarakteri daşıyır.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar