Mədəniyyət tariximizdə həm mahir ifaçı, həm də el havalarının kamil bilicisi kimi iz qoyan sənətkarlar olub. Onlardan biri də ömrünün 40 ildən çoxunu milli musiqimizin zənginləşməsinə, təbliğinə həsr edən tanınmış qarmon ifaçısı Kərbəlayi Lətifdir.

Kərbəlayi Lətif 1876-cı ildə Şuşada dünyaya göz açıb. Atası Hüseyn kişi çəkməçiliklə məşğul olsa da, qarmonda da gözəl ifa edirmiş. Oğlanlarına da çəkməçilik sənətini öyrədib, musiqi ilə məşğul olmalarına şərait yaradıb. Lətifin qarmona xüsusi maraq göstərdiyini görən Hüseyn kişi onunla ciddi şəkildə məşğul olur. Oğlu da bu sənətin incəliklərini mənimsəyir. Sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ailə məclislərində çıxış edir. Çox keçmir ki, böyük qardaşı Çəkməçi Məhəmməd adı ilə Qarabağın tanınan xanəndələrindən biri olur, Məşədi Zeynal, Bala Məlikov kimi məşhur tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində çalıb-çağırır. Lətifin musiqi sənətinə dərindən yiyələnməsində də böyük qardaşının ciddi təsiri olur.
Kərbəlayi Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçioğlu Məhəmmədi, Pəsxan Cəlili və Qəssab Abışı qarmonda müşayiət edir. 1914-1915-ci illərdə İrəvanda, Tiflisdə və Bakıda məşhurlaşır, virtuoz ifasını “Şirin barmaqlar” deyə qiymətləndirirlər. Tezliklə “Şirin barmaqlar”ın şöhrəti Qafqazın hüdudlarını da aşır.
Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmalarında göstərir ki, Kərbəlayi Lətif “Ekstrafon” aksioner cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilir. Orada “Şur”, “Orta mahur”, “Rast”, “Bayatı-Qacar”, “Çoban-bayatı”, “Segah» və s. muğamları, “Qızılgül”, “Turacı”, “Vağzalı” kimi bir çox oyun havalarını qarmonda ifa edir və qrammofon vala yazdırır.
1920-ci illərdə Kərbəlayi Lətif Şuşa şəhərində açılan musiqi məktəbində gənc nəslə sənətinin sirlərini öyrədir. O, 1922-ci ildə İrana və ərəb ölkələrinə səyahətə çıxır, klassik şərq musiqisi ilə yaxından tanış olmaq imkanı əldə edir. Səfərdən qayıdandan sonra Azərbaycanın müxtəlif bölgələrindən, hətta qonşu ölkələrdən də konsertlərə, məclislərə dəvətlər alır. İstedadlı ifaçı kimi Şuşa, Ağdam və digər bölgə teatrları ilə də əməkdaşlıq edir. Respublika müsabiqələrində dəfələrlə mükafata layiq görülür. O, 1935-ci ilin dekabrında Bakıda, Azərbaycanda sovet hakimiyyətinin 15 illiyi ilə bağlı keçirilən I bədii özfəaliyyət olimpiadasında “Bayatı-Qacar” və “Segah” muğamlarını məharətlə ifa edərək yarışın qalibi olur.
1939-cu ilin oktyabrında Moskvada xalq musiqi alətləri ifaçılarının ümumittifaq baxışı keçirilir. Bu tədbirə professional ifaçılarla yanaşı, həvəskar musiqiçilər də qatılırlar. Kərbəlayi Lətif burada milli musiqi havalarını böyük ustalıqla ifa edir və tərifnaməyə layiq görülür.
Qeyd etdiyimiz kimi, Kərbəlayi Lətif mahir ifaçı olmaqla bərabər, saysız-hesabsız el nəğmələrinin də bilicisi olub. Bir faktı nəzərə çatdıraq ki, məşhur rus bəstəkar və dirijoru Reynqold Qliyer “Şahsənəm” operası üzərində işləyərkən Şuşaya gedib orada Kərbəlayi Lətifin ifasında 30-a yaxın el mahnısını öyrənib. Görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli isə “Qız qalası” baletini yazarkən, məşhur rəqqasə Qəmər Almaszadə ilə birlikdə Şuşa şəhərinə - Kərbəlayi Lətifin yanına gedirlər. Sənətkar onlara Şuşanın məşhur rəqqasələrinin oyun texnikası və milli oyun havaları haqqında ətraflı məlumat verir.
O, sənətinin vurğunu, çox təvazökar bir insan olub. Sənətin sirlərini öyrənmək istəyən gənclərə qayğı ilə yanaşıb, təcrübəsini onlardan əsirgəməyib. Usta qarmonçu 1944-cü il dekabrın 6-da Bərdədə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar