Dekabrın 22-də R.Behbudov adına Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin noyabrında Şəki şəhərində M.Müşfiqin anadan olmasının 100 illiyinə həsr olunmuş III  Ümumrespublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
“Deyilən söz yadıgardır” adlı bu müsabiqə artıq 3 ildir ki, keçirilir. Ənənə şəklini alan söz yarışmasının 1-ci müsabiqəsi ölməz şairimiz N.Gəncəvinin vətəni Gəncədə, 2-cisi Ağdaşda, 3-cü müsabiqə isə Şəkidə keçirildi. Keçirilən bu müsabiqələr hər dəfə bir Azərbaycan söz üstasının yaradıcılığına həsr olunur.


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi söz yarışına xüsusi mükafatlar və diplomlar ayırır. Müsabiqənin şərtlərinə görə, birinci yerin  qalibinə 500, ikinci yerin qalibinə 300, üçüncü yerin qalibinə isə 250 manat pul mükafatı və diplomlar verilir. Üç həvəsləndirici mükafat (hər biri 100 manat) və tədbirin keçirildiyi yerin mədəniyyət və turizm şöbəsinin bir həvəsləndirici mükafatı (100 manat) da fərqlənənlərə təqdim olunur.
Tədbiri giriş sözü ilə açan münsiflər heyətinin üzvü, xalq artisti Nurəddin Mehdixanlı salona toplaşanları salamlayaraq qeyd etdi: "Deyilən söz yadigardır" adı altında keçirilən bu müsabiqədə məqsəd ilk növbədə Azərbaycan dilini təbliğ etmək, onun qüdrətini göstərməkdir. İkincisi, Azərbaycanın klassik və müasir ədəbiyyatını təbliğ etməkdir. Üçüncüsü, Azərbaycanda olan istedadlı gəncləri axtarmaq, aramaq və onların içərisindən ən istedadlılarını üzə çıxarmaqdır. Ötən üç ilin təcrübəsi göstərir ki, doğrudan da bir çox gənclər bu müsabiqədə üzə çıxarılıb və onlar Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə ayrı-ayrı bölgələrdə işə düzəlmiş və özlərini yaxşı cəhətdən göstərirlər".


Natiq daha sonra qeyd etdi ki, bu müsabiqənin başqa bir müsbət cəhəti də ondan ibarətdir ki, biz sözümüzü  tapdıqda özümüzü tapırıq, tariximizi, dilimizi, ədəbiyyatımızı tapırıq.


Sonra builki müsabiqənin qaliblərinin mükafatlandırılması oldu. Münsiflər heyətinin gəldiyi qənaətə görə, birinci mükafat heç kimə verilmədi. Goranboy Rayon Xalq Teatrının aktyoru Asəf Cəfərov ikinci, Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin bədii rəhbəri Sona Həsənova üçüncü yerin, Salyan şəhər Dövlət Kukla Teatrının aktyoru Rail Həsənov, AMİU-nun məzunu, aktrisa Rada Nəsibova, Gəncə şəhər Dövlət Dram Teatrının aktrisası Kəmalə Məmmədova Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin həvəsləndirici, Şəki şəhərindən olan Sona Şahəddinova Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin həvəsləndirici mükafatı və diplomlarla təltif edildilər.


Qaliblərə mükafatları və diplomları Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə təqdim etdi.
Sonda qaliblərin ifasında Azərbaycan ədəbiyyatının görkəmli şairlərinin şeirləri səsləndi.

F.Şükürov