“Qarabağ və ədəbiyyat” mövzusunda yazarkən hələlik biz dünyanın diqqətini bu kontekstdə yaradılan ədəbi əsərlərimizlə cəlb edə bilmədiyimizi qeyd etməyə məcburuq. Nə müharibə mövzusunda, nə də ermənilərin iddialarının əsassızlığı yönündə yetərincə güclü bir ədəbi əsərin adını çəkə bilmərik. Yazılanlar isə dünya oxucusunu təmin edəcək səviyyədə deyil. Bəzən bizim yazarlar erməni iftirasının əsrlərlə davam etməsinə baxmayaraq, bu məsələnin gərəyincə ədəbiyyatımızın obyektinə çevrilməməsini “zamana ehtiyacın” olması ilə əlaqələndirirlər. Digər tərəfdən biz xarici müəlliflərin “erməni xəstəliyini” ifşa edən əsərlərini də dünyada lazımi səviyyədə təbliğ etmirik. İndiki dövrdə qondarma və bədnam Qarabağ problemi ətrafında söz-söhbətin ardı-arası kəsilmədiyi, min cür fırıldaqlar işlədildiyi, erməni millətçilərinin ucbatından günahsız qanlar töküldüyü, erməni daşnaklarının Dağlıq Qarabağı Ermənistana birləşdirmək fikrindən hələ də əl çəkmədikləri bir zamanda xüsusi aktuallıq kəsb edən “Qarabağlı Qaçaq Aslan bəy” poeması haqqında danışmaq yerinə düşərdi. XIX əsrdə çar mütləqiyyətinə qarşı mübarizənin formalarından biri olan qaçaqçılıq, Zaqafqaziyada, Rusiyada və digər ərazilərdə geniş yayılmışdı. Bu hərəkat yazıçılara, o cümlədən gürcü ədiblərinə də mövzu verirdi. Onlar Azərbaycanda qaçaqçılıq hərəkatını xüsusi diqqətlə izləyir, öz ədəbiyyatlarını qəhrəmanlıq mövzusunda əsərlərlə zənginləşdirirdilər. Zurab Antonov məhz belə etmişdi. Onun yaratdığı “Koroğlu” pyesində Koroğlu surəti gürcü səhnəsində xalqın havadarı olan, onun azadlığı uğrunda bəylərə və xanlara qarşı vuruşan ilk qəhrəman idi. Georgi Dvanadzenin ondan təxminən iyirmi il sonra yaratdığı Qaçaq Aslan bəy surəti də gürcü xalqında mərdlik, ədalət hissləri təlqin etmək məqsədi güdürdü. Poema hər cür sərvətlə zəngin olan, göz işlədikcə uzanan, tarlaları, pambıq və yun, ipək və düyü, arpa və buğda, kilim və xalça kimi məhsulları, köhlən atları ilə şöhrət tapmış Qarabağın tərifi ilə başlayır. Poemada Qarabağın yalnız türklərin doğma yurdu olduğu göstərilir. Bu əsər XIX əsrdən boylanan tutarlı fakt kimi Dağlıq Qarabağda indi ermənilərin çoxluq təşkil etdiyindən ağzı köpüklənə-köpüklənə danışanlara, qondarma erməni soyqırımını canfəşanlıqla tanıyanlara və tanımaq istəyənlərə, Qarabağ müharibəsi zamanı öz pulu ilə tank alıb ermənilərə göndərən və özü demişkən, Ermənistanın qərbində-Fransada yaşayan Şarl Aznaura, bir də onların okeanın o tayındakı havadarlarına tutarlı cavabdır, özgə torpağında “öz müqəddəratlarını həll edib” torpaqla birlikdə Ermənistana qovuşmaq xülyasında olanlara xəbərdarlıqdır.
   Gürcü şairi Qarabağın əsrarəngiz gözəlliyinə, füsunkarlığına vurğundur. O yazır ki, ceyranlar, cüyürlər sürüsünü görəndə insan dərdini unudur, təbiətin gözəlliyindən intəhasız ləzzət alır. Bu diyar öz igidləri ilə məşhurdur. Georgi Dvanadzeni, hər şeydən əvvəl, bu məsələ maraqlandırır, Qarabağda qaçaqçılığın qəhrəmanlıq işi olduğunu, insan ləyaqətinin onunla ölçüldüyünü göstərir: «Bilməsə qaçaqlıq hər hansı oğlan, Qızlar ötüb keçər eləsindən yan». Aslan poemada mərd, cəsarətli, qəhrəman, bəylərə qanudduran qaçaq kimi təsvir edilmişdir. Yeri-yurdu qalın və keçilməz meşələr olan bu igid üç dəfə həbsxanadan qaçmışdır. Onu yenidən tutmaq son dərəcə çətindir, çünki sərrast atəş açmaq ustasıdır, başına topladığı dəstə güclü və qorxmazdır. Çar mayoru Qriqoryev və Qarabağ xanı Şirxan bu dəstəyə qarşı mübarizədə son dərəcə zəif görünürlər.
   “Qarabağlı Qaçaq Aslan bəy” poeması gürcü ədəbiyyatında qəhrəmanlıq mövzusunda yazılmış qiymətli əsərlərdən biridir. Bizim üçünsə tariximizə nəzər salmaqdan, keçmişimizə qayıtmaqdan ötrü əvəzsiz ədəbi abidə, qiymətli mənbədir. Burada Qarabağ xanlığı, İbrahim xan, Cavanşir xan haqqında söhbət gedir. Bunlar tarixi şəxsiyyətlərdir. Çox ehtimal ki, Aslan bəyə qarşı mübarizədə aciz olan, qaçağı yalnız hiylə işlətməklə ələ keçirməyə çalışan çar zabiti - mayor Qriqoryev də jandarm idarəsində xidmət etmiş adamdır.Belə olduğu halda, Aslan bəy surətini sırf şair təxəyyülünün məhsulu hesab etmək düzgün olmazdı. Aslan bəy Qaçaq Nəbidən və Qaçaq Kərəmdən əvvəl yaşamış, xalqın azadlığı uğrunda mübarizə aparmış tarixi şəxsiyyətdir. Poemada Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk dövrləri, yəni XIX əsrin 30-cu illəri təsvir edilir. Qarabağda ermənilərdən əsər-əlamətin olmaması, rusların bir azərbaycanlı qaçağın öhdəsindən gələ bilməmələri və s. dediyimizi sübut edir. Gürcü şairi Aslan bəy surətini yaratmaq və onu gürcü ədəbiyyatında xalqın azadlığı uğrunda mübariz kimi təsvir etməklə öz xalqında da qəhrəmanlıq və vətənpərvərlik hisslərini oyatmaq məqsədi güdmüşdür.
   Fikrimcə, poemanın müxtəlif dillərə tərcümə edilib yayılması günün ideoloji səsinin eşidilməsinə xidmət edərdi.
   
   Sabutay