Bu yaxınlarda nüfuzlu qəzetlərin birində həcmcə kiçik bir müsahibə oxudum. Bunu heç iki nəfərin küçə söhbəti də adlandırmaq olmazdı. Nədən ki, əgər söhbət ədəbi aləmdə olan iki «istedadlı» gəncdən gedirsə, belə iyrənc söhbət nə dostluğa, yoldaşlığa, nə də ədəbiyyat adına yaraşmır. Bu yazılara görə onlara «gözün üstə qaşın var» deyən tapılmır. Belə olduqda onda düşünürlər ki, ən yaxşı müsahibə, bədii söz elə onların yazdıqlarıdı. Bir oxucu kimi deyim ki, bu cür cızma-qaralar sevib-seçdiyimiz qəzetləri, mətbu orqanları da gözdən salırlar. Heç bir senzura, qadağanın olmadığı zamanda hər şey müəllifin öz vicdanının öhdəsinə qalır. Əsl oxucu isə oxuduqlarında bir işıq, bir mənəviyyat axtarır. Maraqlıdır, görəsən, mətbuat, söz adamları bu barədə nə düşünür?
   
   Südabə Ağabalayeva, «Azərbaycan» jurnalının böyük redaktoru:
   «Mədəniyyət təkcə yaradılan deyil, həm də yaradılana münasibətdir!»
   
   - Mövzu və qoyulan suallar narahatlığın ifadəsidir və bu nigaranlıq tamamilə başadüşüləndir. Tarix boyu cəmiyyətdə gedən proseslərə, düşüncə və dəyərlərə yeni baxış, fərqli yanaşma olub. Yaşadığımız qlobal dəyişikliklər bu gün də belə yanaşmanı təbii qəbul etməyi diktə edir. Amma bu həm də dəyərləri qiymətləndirmədə son dərəcə məsuliyyətli olmağı tələb edir. İnkarçılıq həmişə və bütün hallarda uğurlu nəticələr vəd etmir. İnkarçılıq əksər hallarda əxlaqın və zövqün deqradasiyasına xidmət edir. Deqradasiyaya uğramış zövqlə əxlaq sapıntılarından, milli yaddaşsızlıqdan sığortalanmağa kimsə zəmanət verə bilməz.
   Ədəbiyyat və söz hər şeydən əvvəl əxlaq işidir. Ədəbiyyat və söz həm də milli simadır. Ədəbiyyat adına yaradılan hər hansı nümunə həm fərdi, həm də milli əxlaqı ifadə edir.
   Yazmaq, söz demək, özünü ifadə etmək hər kəsin haqqıdır. Hər kəs sözü ilə, qələmi ilə həm də özünü təqdim edir: “Danış, bilim kimsən!”
   Kimsəyə elə yazma, belə yaz demək düzgün deyil. Amma ... Sizin sualınızda məni düşündürən məqam yazanlarla bağlı deyil. Yazan yazır, bəs hər yazılanı dərc edən mətbu orqanın, naşirin məsuliyyəti bu məsələdə qat-qat böyük və irəlidə deyilmi? Demokratik institutlardan ən geniş imkanlara və təsir gücünə malik olan mətbuatın, bütövlükdə KİV sisteminin rolunu və əhəmiyyətini qiymətləndirmək hələ işin bir tərəfidir. Milli zövq milli əxlaqın, ənənə və dəyərlərin təbliğatçısı, qoruyucusu olmaq müstəvisində mətbuat və nəşriyyatın öz məsuliyyətini, yerini, ampluasını dərk etməsi çox mühümdür. Hər yazılanı təqdim edən, ən azından məsuliyyətini itirmiş naşirlər daha qorxuludur, daha təhlükəlidir. Senzuranın ləvğinə sevinəndə dilin, dəyərlərin urvatsız günə qala biləcəyini unutmamalıyıq.
    Bayağı dil bayağı düşüncəni ifadə edir. Bayağı söz və fikirləri, ədəb-ərkanı, böyük-kiçik sərhədlərini vurub keçən “əsərləri” yenilik, azad düşüncə adı ilə çap edənlər, görünür, səmimiyyətlə vulqarizmin sərhədlərini düzgün müəyyən edə bilməyənlərdir.
   Gəlin etiraf edək ki, bəyənmədiyimiz sovet mətbuatı mənəvi dəyərləri bu günün müstəqil mediasının qəzet-jurnalından, ekran-efirindən daha çox qoruyurdu.
   Bu gün biz yeni mədəniyyət yaratmaqla yanaşı, həm də yaradılmışları qorumalıyıq. Bizdən əvvəl yaradılanlara münasibətin özü də bir mədəniyyətdir.
   İnkar etdin, dağıdın, yerinə nə qoyacaqsan? Əgər bir halda ki, sən yazdıqlarının öz ailəndə oxunmasını rəva bilmirsənsə, düşün ki, Azərbaycanda heç bir ailə sənin ailəndən əskik deyil.
   Bir məsələni də demək istərdim. Bu sualları, nigaran məqamları “gündəmdə olmaq”, “diqqətdə olmaq” eşqiylə yaşayanların fəaliyyəti doğurur. Gündəmdə olmaq hələ yaddaşda qalmaq deyil.
   
   İlham Məmmədli, tədqiqatçı-jurnalist:
   «Sözə gözəl libas geyindirib, onu dünya gözəli də etmək olar, əcaib-qəraib paltarlar geyindirib küpəgirən qarı da»...
   
   - Son illər ədəbiyyata xeyli istedadlı gənc gəlib və onlar məqamı düşdükcə ədəbi tənqid tərəfindən öz layiqli qiymətlərini də alırlar. Lakin bu gün gənclər arasında ciddi narahatlıq doğuran hallar da çoxalıb. Müxtəlif cərəyanlar və «izmlər» pərdəsi altında özlərini dahi hesab edən bəzi gənclər heç bir ədəbi normaya və ölçüyə sığmayan qarma-qarışıq fikirlərini ədəbi hadisə kimi sırımağa çalışırlar. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu zorən yazıçılar özlərindən başqa heç kimi qəbul etmir, klassiklərdən tutmuş müasir yazarlarımıza qədər hamını inkar edirlər. Dünya ədəbiyyatından bir neçə tanınmış yazarın adını əzbərləyərək özlərini savadlı göstərməyə çalışırlar. Ancaq bunlarla azacıq söhbət edəndən sonra intellektlərinin nə qədər dayaz, savadlarının necə məhdud olduğunu görəndən sonra onların «iddialarını» başa düşmək olur. Bu adamlar unudurlar ki, ədəbiyyat incə sənətdir, insanın zövqünü, ruhunu formalaşdıran insanşünaslıq elmidir. Aristoteldən bizi neçə minillik zaman kəsiyi ayırsa da, onun «Poetika» əsəri bu gün də öz əhəmiyyətini itirməyib. Yəni ədəbiyyat söz sənətidir, söz sənəti də olaraq qalacaq. Baxır, kimlər bu sözdən necə istifadə edirlər. Ona gözəl libas geyindirib dünya gözəli də eləmək olar, əcaib-qəraib paltarlarla küpəgirən qarı da. Həzrət Əli dediyi kimi: Hər kəs öz dilinin altında gizlənib.
   Nə yazıqlar ki, bu gün də daha çox «üzdə görünənlər» istedadsızlar və duyğusuzlardır. Bədii söz «sponsordan» asılı vəziyyətə düşən gündən imkan istedadı qabaqlayıb. Bir də görürsən ki, ədəbiyyata heç bir dəxli olmayan kimlərinsə dayaz duyğuları, çılpaq sayaqlamaları yüksək tərtibatla, böyük tirajla çap olunur və ədəbiyyat nümunəsi kimi reklam olunur. Əsl istedadın yaratdığı neçə-neçə qiymətli əsər isə illərlə çap üzünə həsrət qalır. Yaxşı olardı ki, ya Yazıçılar Birliyinin, ya da Mədəniyyət və Turizm Nazirliyinin tərkibində xüsusi bir şura, qurum yaradılaydı və bura dövlət müəyyən qədər maliyyə ayıraydı. İldə bir neçə dəyərli ədəbiyyat nümunəsi bu fondun maliyyəsi ilə çap olunub oxucuların ixtiyarına veriləydi. Bəlkə də, bəziləri bunu keçmişə qayıdış kimi dəyərləndirə bilər. Ancaq unutmaq lazım deyil ki, millətin formalaşmasında və mənəviyyatımızın qorunmasında ədəbiyyatın rolu əvəzsizdir. Bu gün əsl ədəbiyyat yaradan insanların özləri də elə millətin qızıl fondudur. Onları qorumaq və yaşatmaq isə hamının, elə dövlətin də borcudur.
   
   Söhbəti qələmə aldı:
   Mina Rəşid