Yeganə CANSAİL,
   ADMİU-nun tələbəsi
   

   


   Bəxş etdiyin kədərdən
   bir paltar tikdirib
   gələcəyəm toyuna...
   Yadigar qalan
   Qurumuş çiçəklərdənsə
   Dolaşıq bəxtim kimi
   Bir çələng hörəcəyəm
   Sənə toy hədiyyəsi...
   Bir içki də gətirəcəm,
   Göz yaşlarımdan
   Dünyanın heç bir yerində
   Görmədiyin, içmədiyin
   Acı içki.
   Skripkanı da gətirəcəm,
   İkimizin “felitsa”sını ifa edib,
   Zamanı geri aparmaq üçün...
   Gözlərin dolacaq,
   Xatirələr aman verməyəcək
   -dayan, deyəcəksən
   Dönüb gedəcəm.
   Sənsizliyimə qayıtmaq üçün...
   
    * * *
   
   Yağış...
   Axşam...
   9-un yarısı
   Kafe.
   Həmin künc,
   Pəncərə önündəki masa
   Onu gözləyir.
   Əvvəlkilərdən fərqli
   Bir az kədər
   Bir az həyəcan,
   Yarıya qədər içilmiş şampan.
   Pəncərədə cığır açan damlalar
   Və içəri axan qadın silueti...
   -Bağışla, bir az gecikdim,
   -Yox, vaxtında gəlmisən...
   Tərəddüd,
   Sükut.
   -Ayrılmalıyıq.
   Kəlmələrlə donan vaxt
   Cığır açan damlalar...
   Pəncərədən küçəyə axıb,
   İtən kişi silueti...
   
    * * *
   
   İtlər hürür...
   Görəsən, gecənin hansı vaxtıdır?
   Yoldan ötən avtomobil səsləri.
   Yəqin, çox gec deyil...
   Kimsə evinə tələsir,
   Ailəsinin, qadınının yanına.
   Saatın çıqqıltısı
   Ay aman, gecə yarıdır ki...
   Sükut...
   Kağız
   Cızma-qara səsləri...
   Masanın üstündə təqvim.
   Çox soyuqdur...
   Avqustun 28-i
   Hamı yatıb.
   Sükutu pozan qadın xorultusu
   Gözümü çəkə bilmədiyim təqvim.
   Avqustun 28-i
   Bürkü, isti.
   Bəs niyə mənə soyuqdu?
   Qəzetin şappıltısı
   Divarda iz qoyan ağcaqanad...
   Həmin sükut,
   Həmin soyuq.
   Qapı tıqqıltısı
   Qonağım tənhalıq...
   
    * * *
   
   Kədərimin sahilində
   Dəlmə-deşik
   Dərd qayalarında
   Göz yaşlarıma sallayıb ayaqlarımı
   Seyr edirdim səni,
   Atılmış,
   Kimsəsiz
   ...Balıqçı toru
   Qatili olduğun dəniz
   Son ümidin
   Son pənahın.
   Cırılmış sinəndən qopan ahlar
   Mənim də ahım...
   Tanış mənzərə,
   İndi səni qurban edir
   Sabah onu.
   Sahibin insan-
   əzəldən belə...
   
    * * *
   
   Qəribə gündür...
   Elə bil
   Sənin gözlərini səpələyiblər,
   Küçələrə,
   Adamların simasına,
   Ağaclara,
   Metrolara.
   Hər tərəfdən yaşıl gözlər zillənib
   Gözlərimə...
   Uşaq səmimiyyəti,
   Məmnunluq,
   Bir az da yorğunluq
   Süzülən gözlər...
   Bəlkə də,
   Sənsizliyimdi,
   Gözlərinə bürünüb
   İndi də belə izləyir
   Qarabaqara məni...
   Bəlkə də, xatirələrindi
   Salamlaşmaqçün çıxıblar yollarıma,
   Bəlkə də, etdiyin
   ən sonuncu pisliyindir
   bilmirəm... bəlkə də...
   
    * * *
   
   Dalğalar
   Qabarıb çəkildikcə
   Tənhalığın uzun akkordlarını
   Vururlar sanki...
   Bəzən prelüdiya,
   Bəzən kaprizlər...
   Bəzən də bir qızın
   Kədərinə
   Sızıldayan skripka...
   
    * * *
   
   Əllər görüşürdü
   Gözlər öpüşürdü
   əllər toxunurdu
   o görüşlərdə...
   əllər deyirdi
   son sözü
   əllər isidirdi
   əllərimi
   Ayrılığın hərarətini ötürən əllər,
   əlvidanı edən əllər...
   bu qədər doğma əllər
   bu qədər qəddar əllər...
   İndi
   Başqa bir əl vermir
   O hərarəti...
   Başqa bir göz
   Demir o sözləri...
   Başqa bir ürək yaşatmır
   O məhəbbəti...
   
    * * *
   
   Sus...
   Nə olar sus, danışma.
   Çox bezmişəm...
   Yalan kəlmələrdən,
   Yalan eşqdən,
   Yalan görüşlərdən
   Gecələr xəyalına bürünməkdən!..
   Çox istərəm...
   Xəyalını tikələyib,
   Küçələrə səpələmək...
   Sonra...
   “Bu sənsənmi?!” - deyib,
   Acizliyinə ürəkdən gülmək,
   Qəhqəhə çəkmək.
   Sonra da, bir küncə yıxılmaq
   Dizlərimi qucaqlayıb,
   Fəryad qoparmaq.
   “Bu sənsənmi?!”
   Qəhərlənmək...
   Göz yaşları içərisində boğulmaq...
   Gözlərimdə ilişib qalmış
   O baxışları da itirərəm deyə
   əllərimlə gözlərimi bağlamaq.
   O baxışlar, qaçıb getməsin deyə
   əbədi kor olmaq,
   zülmət dünyamı
   daha bir qaranlığa bürümək
   səni gözlərimdə gizlədib
   Səni görməmək...
   Məhəbbətsiz həyat dənizində
   Tənhalıq dalğalarına qərq olub
   əlvida etmək,
   əbədi köçmək...
   
    * * *
   
   Bir cığır var...
   əvvəli gözlərimdən başlayan
   yanağımdan sürüşüb
   çiynimdə bitən,
   Xəyalının gəzdiyi,
   Bəzən də
   Dizlərimə atılıb,
   İntihar etdiyi,
   Xatirələrinin cığırı...