Anar Amin
   
   

  Anacan, başım - dağ, gözlərim - bulaq
   
   Anacan, başım - dağ, gözlərim - bulaq,
   Elə hey səhənglər, kuzələr dolur,
   Yığışıb gözəllər, su başındadaır.
   Oxşamaya uymur, laylaya yatmır,
   Hansı başın qoyum dizimin üstdə,
   Dünyanın bu başı o başındadır.
   
   Məndən əvvəl gələn qardaşım kimi,
   Məndən sonra gələn qardaşlarımın
   Görüşüb, əlindən keçib gəlmişəm.
   Ana, demə mənə, “belin qırılsın”,
   Qarğışın məni yox, atamı tutar,
   Atamın belindən keçib gəlmişəm.
   
   Gərək kəsdirməzdim mən kəbin-talaq,
   Bu həyat həyasız, abırsız arvad,
   Bundan can qurtarmaq, boşamaq olmur.
   Bu dünya bətnindən kiçikdir sənin,
   Nə olar, bətninə qaytar sən məni,
   Ay ana, dünyada yaşamaq olmur.
   
   Ayın tamam olub, çıx ürəyimdən
   
   Qalmağa kirayə axtaran xanım,
   Sənə, həm mənə sərf edən qiymətə,
   Mən sənə könlümü kirayə verdim.
   Düşündüm, daşındım, qərara gəldim,
   Dedim, görüm necə yaşayacaqsan,
   Çox deyil, cəmisi bir aya verdim.
   
   Niyə belə etdin, eh, köçər - köçməz,
   Qapısın sındırdın, bacasın qırdın,
   Sən mənim qəlbimi nə günə qoydun!
   Mən ki təzə təmir etdirmişdim, e...
   De, nəyi xoşuna gəlmədi sənin -
   Suvağın qaşıdın, divarın oydun?!
   
   Gələndə özünlə nə gətirmisən?
   Bir göz qırpımınca möhlət verirəm,
   Yığışdır, sən Allah, yığ ürəyimdən.
   Sən ki ürəyimin qədrin bilmədin,
   Yalvarma, saxlayan deyiləm səni,
   Ayın tamam olub, çıx ürəyimdən!
   Bu gözüm o biri gözümü görmür
   
   Bəlkə də, eybimdir səni sevməyim,
   Özgənin eybini görən gözlərim,
   Görəsən, nə üçün özümü görmür?
   İkisi də görünən hər şeyi görür,
   Burnumsa arada hasar kimidir,
   Bu gözüm o biri gözümü görmür.
   
   Hayana gedirəm, göynən gedirəm,
   Belə yaşayıram, elə gəzirəm,
   Düşmür yer üzünə ləpirim indi.
   Acı kəlmələrin günühlarımdır,
   Etiraf eləyim günahlarımı,
   Özüm öz üzümə tüpürüm indi.
   
   Bezmişəm özündən, sözündən sənin,
   Deyisən qulaq as, asa bilmirəm,
   Xanım, qulağımı kəsib gedirəm.
   Mən oldum - olmadım, nə fərqi var ki,
   Qulağım, eh... qulaq asacaq sənə,
   Evindən qulağımı asıb gedirəm.
   
   Sap altda, sap üstdə yaşayıram mən
   
   Arxanca gələnə toz olmamaqçün,
   Bu tozlu - torpaqlı yolun üstünə,
   Ağlayım, gözümün yaşını töküm.
   İlahi, oranın daşı qalmadı,
   Buranın daşını tökdüm, qurtardım,
   Başıma haranın daşını töküm?!
   
   Sap altda, sap üstdə yaşayıram mən,
   Mən sapın, sap mənim altımdan keçir,
   Eh, yolun altında qalıram hər gün,
   Yol gəlir lap mənim üstümdən keçir.
   
   Bu yol ki, qarşıdan sağa dönəcək,
   Özümü özgəyə çırpmamaq üçün,
   Mən özüm özümü çırpım indidən.
   Birdən adam çıxar, vurub öldürrəm,
   Sağa dönməyimi işarə verim,
   Allah, sağ gözümü qırpım indidən?!
   O qədər geyindim, cırıldı ömrüm
   
   Bu dünya yumuru qazan kimidir,
   Ocağı qalanıb, suyu qaynayır,
   İnsanlar içində bişir, ilahi.
   İnsan yemək üçün yaratmısan, eh,
   Ürəyi istəyir, ağzı sulanır,
   Əzrayıl da baxır şişir, ilahi.
   
   Məni bu kitablar məhv elədilər
   
   Dayaz sandım, dərin arzuya düşdüm,
   Çıxmaq istəsəm də, çıxa bilmədim,
   Ta bezdi əlimdən, yoruldu ömrüm.
   Gecikən nə varsa gələcəkdədir,
   Təklənəndə dedim, Allah təklədi,
   O qədər geyindim, cırıldı ömrüm.
   Məni bu kitablar məhv elədilər.
   
   Öləndə başımın üstdə duracaq,
   Üstündən keçdiyim bütün daşların,
   Qisasın alacaq başdaşı məndən.
   Məzarım üstünə çoxu gələcək,
   Gələnlər eləcə çıxıb gedəcək,
   Həmişə qalacaq başdaşı mənnən.
   Məni bu kitablar məhv elədilər.