(miniatür esse)
   
   “Zaman ən yaxşı müəllimdir. Lakin heyif ki, o, öz şagirdlərini öldürür.”
   Hektor Berlioz
  
 
   İnsanı bütün ömrü boyu “Mən niyə doğulmuşam?” sualı düşündürür. Lakin nə elmin, nə də heç bir fərdin verə bilmədiyi cavab. Cavabı olmayan sual.
   Zaman səni bu istəyinə alışdırır. Sən yaşamağa məhkum olduğun üçün yaşayırsan. Artıq yaşamaq bir həzzə çevrilir. Mübarizə, uğur, zirvə, şöhrət - nə yaxşı ki, mən doğuldum. Lakin bu pillələri qalxanadək nələr etmədim. İlk addımlardan sinfə, dərsə məhkum olundum. Dinləmək istəmədim - dinlədim, oturmaq istəmədim - oturdum. Səhrada suya olan ehtiyac kimi bir dərs zənginə ehtiyacım oldu.
   Ali məktəb arzusu, istəyi insanı yandırıb, yaxır. Gecəni gecə bilmirsən, gündüzü gündüz. Acgözlüklə bir diploma olursan kölə.
   Ancaq bunlar əslində zamanın sənin üçün yaratdığı təməl daşı və hazırlıqdır. Zamanın əsl üzü qarşıdadır. Hər şey bundan sonra başlanır. İş, vəzifə, öhdəliklər - əslində bunlar zamanın silahıdır. Hər dəfə vəzifən artdıqca iştahın, ehtirasın da artır. Biri olanda digəri çatmır. Keçmişə baxa bilmirsən, ya qorxursan özünün əməlini, hərəkətini görəsən, ya da zamanın acısını. Düşünmürsən - bu günlə yaşayırsan. Olan oldu, keçən keçdi. Cəhənnəmə ki. Zaman bir tarixə çevrilir, kölgən olur. Sən getdikcə, o da gedir. Zamanla bərabər irəliləyirsən. Sən qalxırsan o da qalxır, yaşayırsan o da yaşayır. Zaman vahidliyində sənin öz zamanın yaranır. Sən qaçırsan ki, zamana çatasan. Mübarizə aparırsan. Bir də görürsən, ölümün astanasındasan. Geriyə qaçmaq istəyirsən, qaça bilmirsən. Geriyə yol yoxdur. Artıq gecdir. Sonucda yenə zamana məhkumsan. Doğulduğunu bilmədiyin kimi, ölümünü də bilmirsən. Sənə həyat verən “zaman səni öz əllərində ölümə məhkum edir”.
   
   Aygün