Məstan Günər 
   Dövlət Mükafatı laureatı
  
   Heydərdi
  
   İllər, sizi hələ cavan saxlayıb,
   Keşiyində durduğunuz Heydərdi.
   Millət üçün gəncliyini hifz edib,
   Düşmən bağrı yardığınız Heydərdi.
  
   İndiki tək keçən illər gözəldi,
   Görürsünüz necə Heydər gözəldi.
   Günortanın günü qədər gözəldi,
   Ömürdən pay verdiyimiz Heydərdi.
  
   Kiçik ölkə bu qüdrətlə genişdi,
   Millət üçün qitələrlə döyüşdü.
   Nə ömrə qış, nə əhvala qar düşdü,
   Yaz seyrinə vardığımız Heydərdi.
  
   O yenilməz, hələ cavan bir kişi,
   Şax görkəmli, təravətli gülüşü.
   Şir nərəsi, cavan pələng gərdişi,
   Sizdən öndə gördüyümüz Heydərdi.
  
   Dinclik bilmir min səhərin eşqinə,
   Çağla, şair, nəğmələrin eşqinə.
   Hər könüldə hər səfərin eşqinə,
   Heykəlini qurduğumuz Heydərdi.
  
   Məbədinə diz çökmədi şöhrətin,
   Ehramına səcdə qıldı xidmətin.
   Sayəsində qədirbilən millətin,
   Xoş dövranlar sürdüyümüz Heydərdi.
  
   Abidəsi neçə-neçə kənd, şəhər,
   Geniş yollar, imarətlər, körpülər.
   Kükrəməsin məramı bəd körpələr,
   Arxasında durduğumuz Heydərdi.
  
   Çox göz qoyub zirvələrdən göylərə,
   Çəkdi bizi, çəkdi yerdən göylərə.
   İdrakıyla üfüqlərdən göylərə
   Qalxıb, qanad gərdiyimiz Heydərdi.
  
   Təmənnam yox, gərək təbi tərpənib,
   Bu nəslin hər pələngini vəsf edəm.
   Gecə-gündüz qəlbimizdə taledən,
   Heydərini sorduğumuz Heydərdi.
  
   Nə eşqində, nə qəlbində qorxu var,
   Qüdrətində vətən tapıb ilk bahar.
   Məhbubələr, gül ismətli xanımlar,
   Adına gül dərdiyiniz Heydərdi.
  
   Məhəbbətdir, səadətdir əlləri,
   Onda vüqar, onda gənclik illəri.
   Ondan alıb öpdüyünüz gülləri,
   İpək telə hördüyünüz Heydərdi.
  
   Mən nə deyim "baba" deyən dillərə?
   Hələ çox var o siz deyən illərə.
   Heydər ki, var xəbər olsun ellərə.
   Gəncliyində gördüyümüz Heydərdi.
  
    2002
  
   O, bizimlədir
  
   Dəyişdi Prezident öz dünyasını
   Özü yox olsa da əlləri qaldı.
   Fikri-düşüncəsi iş görür hələ
   Əcəl, qarşısında hələ ki laldır.
  
   Qurduğu zavodlar, tikdiyi evlər
   Dil açıb yerbəyer "Heydər" dedilər.
   Gecəsi nurlanan bizim şəhərə
   Daşları nur saçan gövhər - dedilər.
  
   Metrolar, körpülər onun zəhməti,
   Uzanan elbəel onun eşqidir,
   Yaxın şəhərlərə, uzaq ellərə
   Bu uzun yollarla şöhrəti gedir.
  
   Heydərin əlləri bərəkətlidir,
   Artır günü-gündən şöhrətimiz də,
   Bu gün quş iliyi axtarsan əyər
   Təmiz ceyran südü tapılar bizdə.
  
   Dəyişdi Prezident öz dünyasını,
   Mərmər abidəsi bağça-bağdadır,
   Heydərin idrakı ədəbi yaşar
   Hələ öyünməli il qabaqdadır.
  
    2004
  
   Elegiya
  
   Gümüş təyyarəsi enəcək yerə,
   Trapın başında görünəcəkdir.
   Onu gözləyənlər durub nizamla
   Xoş təbəssümlərə bürünəcəkdir.
  
   Əlini eyhamca çəkib saçına
   Naxışlı pilləni düşəcək bir-bir.
   Kənarda dayanan oğluna tərəf
   Beş addım yeriyib görüşəcəkdir.
   Sonra cərgəsində silahdaşların
   Hamının əlini sıxıb keçəcək.
   Hamının ruhuna, qəlbinə bu dəm
   Dolacaq ətirli yaz küləyi tək.
  
   Sonra jurnalistlər...
   yanındakına
   Kim isə, qoy görək, deyəcək, əl çək.
   Hansı sualdansa gülümsünəcək,
   Hansı sualdansa ciddiləşəcək.
  
   Qaratel bir qızın sualı min-min
   Duruşu, gülüşü sualdır bütün.
   Hamı ləngiyəcək bu gözəlliklə
   Gözünü, könlünü doyurmaq üçün.
  
   Təyyarə ləngiyir...
   ləngiməz, yox, yox.
   Qulaq as, göylərə, onun səsidir.
   Təyyarə ləngiməz, gəlib çıxacaq,
   Təyyarə Prezident təyyarəsidir.
  
   Gözüm üfüqlərdə qalacaq mənim,
   Trapla enəcək əl edib Heydər.
   Enəcək, gələcək gözləyirəmsə,
   Bəs
   neçin
   ağlayır
   əlimdə güllər...
  
  
   Bir oğul göstərin Heydərə bənzər
  
   Bir oğul yetirmiş vətən torpağı,
   Millətin yolunda əsgərə bənzər.
   İdrakı, ilhamı, qəddi-qaməti,
   Qüdrətə, hikmətə, məhvərə bənzər.
  
   Yerində şax sözü, xoş təbiəti,
   Ellər sərvətidir zehni, zəhməti.
   Tarixə döndükcə onun şöhrəti,
   Tarixdə nurlanıb gövhərə bənzər.
  
   Nələr yaratmadı, qurmadı nələr,
   Kənddə kənd dəyişdi, şəhərdə şəhər.
   Daşlı yamaclarda zümrüd sərvətlər,
   Başına dönməli dilbərə bənzər.
  
   Kor olub görməyən varsa bunları,
   Utansın, işığa çıxmasın barı.
   El yaxşı tanıyır bu nankorları,
   Hər biri nəf gündən bərbərə bənzər.
  
   Hər zaman yolunu gözləmiş ellər,
   Şirin bir töhfədir ona könüllər.
   Yollar kənarında əlində güllər,
   Qızlar görmüşəm ki, ülkərə bənzər.
  
   Dahidir, dühadır öz sənətində,
   Andı var, elləri qoymaz çətində.
   Dərin tədbirində, siyasətində,
   Qüdrətdən yaranmış zərgərə bənzər.
  
   Uğrunda hazıram nə vaxt dinərsə,
   Simləri könülsüz tərpətmirəm mən
   Rəhbəri dağlara bənzətmirəm mən,
   Dağlar vüqarında rəhbərə bənzər.
  
   Uğrunda hazıram nə vaxt dinərsə,
   Hazıram, şəhid ol əmrini versə.
   Əgər Məstan Günər Məstan Günərsə,
   Onun dövrəsində sipərə bənzər...