«İlyas Göçmənin şəkil dəftəri”ni korlar da görəcək
   
   Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” adlı yeni kitabının imza günü keçirildi. Qutlu olsun! Kitabın hər sol səhifəsində İlyas Göçmənin çəkdiyi fotolar, sağ səhifəsində isə şeirlər cap olunub. Kitabın sonundasa şeirlərin necə yazılması və hər şeir haqqında şərhlər verilib. İlyas Göçməninin şəkili, tərcümeyi-halı və Səlim haqqında qələm adamlarının fikirləri özünə yer alıb.
   
   Kitab dizayn və tərtibat cəhətdən çox maraqlı struktura malikdir. Keçək mətləbə. Səlimin kitabı oxucu kimi mənə zövq verdimi? Kitabı oxuduqca Leonardo da Vinçinin pritçalarını, hekayələrini xatırladım. Leonardo hekayələrindəki təsvirləri mətnlərinə o qədər dəqiq hopdurur ki, oxucu bilmir Leonardonun nasirliyinə, yoxsa rəssamlığına heyran qalsın? Səlimin də son şeirləri rəssamlıq qabiliyyəti olan, ancaq əlinə fırça almayan bir şair məxsusdur. Fotoqraf «İlyas Göçmənin şəkil dəftəri» kitabında yazılan şeirlər çox maraqlıdır. Belə kitab yazmağın bir neçə çətinliyi var. Birinci çətinlik - rəsm əsərləri donmuş vaxtın, insanın, obyektin təzahürüdür. Şeirsə, səsin hərəkətidir. Səlim cansızı canlıya çevirib. İkincisi, düşünüb şeir yazmaq şairçün çox çətindir, ilham pərisi Səlimin az köməynə çatıb. Üçüncü çətinlik - şəkillərdəki insanlar, obyektlər sözün vasitəsilə dolğun təsvir olunmalı idi. Həmçinin bu təsvirlər sadəcə görüntünü yox, obrazların düşüncəsini ifadə etməli idi. Yalnız belə olan halda şeirlər şəkilləri tamamlaya bilərdi. Sonuncu çətinliksə, obyekt elementlərinin bir neçə rakusdan verilməsi ilə əlaqədar idi. Şeirlər sırf təsvir, yaxud müəllifin düşüncəsi ilə bağlı olmalı idi ki, subyektivlik obyektivliyi üstələməsin. Çətin idi. Vaxt və enerji tələb edən yazı prosesi idi. Ola bilər ki, «İlyas Göçmənin şəkil dəftəri»ni hansısa kor görməsin, amma Səlim Babullaoğlunun şeirlərini eşidəndən sonra onlar da həmin şəkilləri dolğun təsəvvür edə biləcəklər. Bu mənada Səlim, İlyas Göçmənin şəkillərini bir növ tamamlayır. Səlimin bu kitabı metamorfozadan metamorfozaya keçiddir. İlyas Göçməndən Səlim Babullaoğluna, rəsmdən sözə çevrilmədir. Çünki İlyas Göçmən obyektləri, təsvirləri ani durdurur, zamanın içindən anı ayırır. Səlimsə anı zamana qatır, şeir boyunca donmuş vaxtı davam etdirir, canlandırır. Şeir bitdikdən sonra oxucunun xəyalında fikrin, sözün fotosu qalır. İlyas Göçmənin anı zamana qatılır, sonra zaman donur, yenindən ana çevrilir. Ramiz Rövşənin təbirincə desək, “özünə qayıdır, hər şey özünə”.
   Xorxe Orteqa Qassetin məşhur bir fikri var. “Qırmızı sözündə qırmızılıq yoxdur, bu fikrin rəngə tərəf hərəkətidir, yəni onun işarəsidir” Səlimin şeirləri də İlyas Göçmənin şəkillərinin işarəsidir - fotoları şeirlər tamamlayır. Konkret bir neçə zövq aldığım şeirlərə nəzər salaq. Dünya ədəbiyyatında uşaqlar, onların gələcəyi barədə çox şeirlər yazılıb. Məsələn, Nazim Hikmətin şerinə baxaq:
   Qapınızı döyən mənəm,
   xala, bibi, bir imza ver,
   uşaqlar öldürülməsin
   şəkər də yeyə bilsinlər.
   Səlim Babullaoğlunun də şeirlərində eyni ovqat, qayğı daha qabarıq şəkildə üzə çıxır.
   Küçə uşaqları deyirlər bizə,
   bizlərsə çöl quşlarıyıq,
   Göy üzü yorğanımız,
   torpaq yatağımızdı bizim.
   Hər iki şeir uşaqların dilindən qələmə alınıb. Şairlərin məqsədləri də eynidir. Obrazların dili ilə hadisələri cəmiyyətə çatdırsınlar. Hansı ki, həmin uşaqlar bu cür gileyli sözlərin əvəzinə, ata-ana, vətən deyə bilərdilər.
   Bakıya üç il əvvəl gələndə Səlimi “Haziranda okunan nağmeler” adlı şeir kitabını dostumdan alıb baxmışdım. Həmin vaxta qədər elə bilirdim ki, Səlim Babullaoğlu türk şairidir. Həmin kitab Yasəmən Bayer türk dilinə çevirmişdi. Onun son şeirlərində türk şeirinə xas olan strukrur mənə çox maraqlı göründü. “Qədim taxta evlər üçün arayış” şeiri dediklərimin əyani təsdiqidir.
   Vaxtın ötdüyünü şütüyən maşınların
   sürəti deyil,
   qədim taxta evlərin qarası,
   sükunəti daha çox anladar,
   Bir gənc, yeniyetmə halsız bir qocanın
   qolundan tutub
   ona enli səs-küylü küçəni adladar.
   İndii isə məşhur türk şairi Atilla İlhanın şeirinə nəzər salaq:
   İstanbul və sən, nəydi bir zamanlar,
   Sanki gəncliyimə tərəf qocalırdım.
   Çəngəlik öydə yaz,
   unudulmaz ərgüvanlar
   Hansı tərəfə dönsəm, səni tapardım,
   İçimdəki çıraqların qırıldığı anlar.
   Mənə elə gəlir ki, dünya poeziyasında türk şeiri qədər poetik nəfəsə malik, ritmik şeir bəlkə də, yoxdur. Tofiq Fikrətdən üzü bəri istər klassik, istərsə də müasirlər türk şairlərində bu üstün cəhət var. Bu baxımdan həmin şeiri Səlimin kitabındakı ən uğurlu və maraqlı nümunə sayıla bilər.
   Səlimin şeirlərində yeganə bəyənmədiyim məqam yuxarıda göstərilən şeirin davamı olan bu iki misradır.
   yəni, qoca bir az gəncin yüyrək addımları ilə yeriyər,
   yəni, gənc bir az qocaya xas addımlar atar.
   İki dəfə təkrarlanan yəni sözü artıq şeirin intellektuallığını faş edir, açıqlayır. Səlimi əksər sərbəst şeir yazanlardan fərqləndirən xüsusiyyət onun oxucuya düşünmə və dərketmə imkanı verməsidir. Bununla Səlim şeiri bəsitlikdən qurtarır.
   Səlimin şeirlərindəki poetik güc ədəbiyyatşünaslığın dili ilə desək, bədii detaldadır. Bədii detallar yerinə düşəndə, poeziya təkcə ədəbi yox, estetik kriteriyaya çevrilir. Məsələn, “Addımların ən təzəsi vərdişlərin ən köhnəsidi”. Maraqlı bir bədii təzaddır. Səlim bədii təzadı sadəcə boş antitezalar yaratmaq üçün eləmir. Göstərilən misaldakı həqiqətə varsaq bədii təzaddan əvvəl reallıq önümüzdə durar. Yaxud, allitrasiyalara baxaq,
   Halay vurun, halay çəkin, hay salın,
   Yeməyin bol, içməyin bol, suyun var.
   Şeirdəki təkrarlar musiqi yaradır, cəng ahəngi duyulur. Oxuyarkən şeirin musiqisinə aludə olub, qeyri-ixtiyari dilinin altında mahnı züm-zümə edirsən, “mızıldanırsan”.
   Səlim Babullaoğlunun son kitabı həm tərtibat, həm də mətnlərin potensialına görə son illərin ən yaxşı nəşrlərindəndir. Səlimin istər tərcüməçi, istərsə də jurnal redaktoru kimi çox məhsuldar və zəhmətkeş bir insan olduğunu bilirik. Bu kitab da onun istedad və zəhmətinin ifadəsidir.
   
   Fərid Hüseyn