Oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Məmməd Araz poeziya günü” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən AYB-nin katibi İlqar Fəhmi Xalq şairinin doğum gününü bu şəkildə - poeziya günü kimi keçirmək qərarına gəldiklərini diqqətə çatdırıb.
Tədbirin aparıcısı, şair, tədqiqatçı Qardaşxan Əzizxanlı Məmməd Araz şəxsiyyəti barədə danışaraq bildirib ki, o, xalqın mövqeyini ifadə edən, arzu və istəklərinin carçısı kimi yadda qalıb. Neçə gəncin istedadının üzə çıxmasında, yetişməsində şairin böyük rolu olub.
Tədbirdə məktəblilər şairin “Bizi vətən çağırır”, “Üstümə qayıdan yazılarım”, “Getdilər”, “Bu insan adlanan insan” şeirlərini oxuyublar. Həmçinin “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri ingilis dilində səsləndirilib.
Tanınmış şairlər Musa Yaqub, Çingiz Əlioğlu, Abbas Abdulla və digərləri çıxış edərək belə bir poeziya gününün davamlı olaraq keçirilməsini təklif ediblər, Məmməd Arazla bağlı xatirələrini bölüşərək onun poeziyasının mübarizliyindən söhbət açıblar.
Tədbirdə Məmməd Arazın əlyazmalarından ibarət “Qarabağ simfoniyası” adlı kitab təqdim edilib.