Əmin Abidin kitabı uzun illərdən sonra çap olunub

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə tanınmış ədəbiyyatşünas, repressiya qurbanı Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Kitaba alimin indiyədək çap olunmamış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərinin birinci cildi və 1920-1930-cu illərdə “Maarif işçisi”, “Azərbaycanı öyrənmə yolu”, “Dan yıldızı” jurnallarında çap etdirdiyi “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, “Türk el ədəbiyyatına elmi bir baxış” və başqa məqalələri daxil edilib.
Əmin Abid 1937-ci ildə həbs edilərək gülləndikdən sonra əsərlərinin oxunması və onlardan istifadə edilməsi qadağan olunub. 1956-cı ildən sonra Stalin dövrü repressiya qurbanlarına bəraət verilsə də, onların əsərlərinin hamısının nəşr edilməsinə imkan yaradılmayıb. Ə.Abid də onlardan biri olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra onun şeirləri, hekayələri, elmi məqalələri çap olunub. “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabının nəşri isə müxtəlif səbəblərdən uzun müddət yubanıb. Əsasən “Kitabi Dədə Qorqud”a və Azərbaycan ədəbiyyatının erkən dövrlərinə həsr olunmuş kitab, nəhayət, AMEA-nın Folklor İnstitutu tərəfindən nəşr edilib. Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov olan kitabı çapa professor Bədirxan Əhmədov və Əli Şamil hazırlayıblar.

S.Qaliboğlu