Nobel mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamuk Rusiyanın nüfuzlu “Yasnaya Polyana” ədəbi mükafatının «Xarici ədəbiyyat» nominasiyasında qalibi olub.
Ədəbi mükafat 2003-cü ildə L.N.Tolstoyun “Yasnaya Polyana” muzey-malikanəsi tərəfindən təsis olunub. “Samsung Elektronics” şirkətinin də dəstək verdiyi müsabiqə dörd nominasiya üzrə keçirilir: “XXI əsr» , «Uşaqlıq. Yetkinlik. Gənclik», «Xarici ədəbiyyat» və «Müasir klassika».
Orxan Pamukun mükafata layiq görülən «Mənim qəribə fikirlərim» kitabını rus dilinə Apollinariya Avrutina tərcümə edib.
Ədəbi müsabiqənin «XXI əsr» və «Uşaqlıq. Yetkinlik. Gənclik» kateqoriyaları üzrə namizədlərin qısa siyahılarını (short-list) münsiflər heyəti tərtib edir. «Xarici ədəbiyyat» və «Müasir klassika» nominasiyaları üzrə finalçılar isə mərasimdə təyin edilir. “Samsung” şirkətinin xüsusi mükafatı olan "Oxucuların seçimi" nominasiyasında mükafat isə internet səsverməsi yolu ilə daha çox səs toplamış kitabın müəllifinə verilir.

İlona Qubadova