Konkret faktlara gəlincə, iki tarixi səxsiyyətin adını bu müstəvidə fəxrlə çəkmək olar: görkəmli şərqşünas-türkoloq, əvəzsiz alim Mirzə Kazım bəy və böyük dövlət xadimi , yazıçı-dramaturq Nəriman Nərimanov. Əlbəttə, bu şəxslər təkcə Kazanda yox, həm də bütün Rusiyada tanınırlar.

M.Kazım bəy Avropa şərqşünaslığının banisi, Kazan Dövlət Universitetində bu fakültənin yaradıcısı və ilk dekanı olmuşdur. N.Nərimanov isə tatar xalqını dərindən, qəlbən sevib, hətta cavan ikən vərəm xəstəliyinə tutulmuş böyük tatar şairi Qabdulla Tukayın ilk həkimi olub. İndi Kazan şəhərindəki Nərimanov küçəsi iki qardaş xalqın dostluq rəmzinə çevrilib.

Ulu öndərimiz Heydər Əliyev Tatarıstanla əlaqələri həmişə yüksək qiymətləndirib və onların inkişaf etməsinə böyük önəm verib.

2005-ci ildə Kazan şəhərinin minilliyi təntənəli şəkildə keçirilib. Bu tarixi yubiley tədbirinə Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva da qatılıblar.

Azərbaycanı Tatarıstanla təkcə mədəni dəyərlər yox, həm mənəvi-tarixi tellər, həm də İslam mədəniyyəti birləşdirir. Tatarıstanda həmişə dini-mənəvi dəyərlərə böyük önəm verilib. Təsadüfi deyil ki, Kazan dünyada "Məscidlər şəhəri" kimi tanınır. Son illərdə inşa olunan məscid kompleksi də şəhərin rəmzinə çevrilib.

Bir az da tarixin dərin qatlarına enək. Tatarıstanda toponimlər yenidən öyrənilir. Və adların bir çoxu "Dədə Qorqud" dastanındakı adlarla eyniyyət təşkil edir, həmahəng səslənir. Məsələn, Kazan (Qazan xan), Alabuqa (ala buğa) şəhər adlarıdır.

Tatar ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə birbaşa bağlılığı var. Böyük tatar şairi Musa Cəlilin və Qabdulla Tukayın əsərləri azərbaycancaya uyğunlaşdırılıb, bizdə çap olunub. Musa Cəlilin faşist düşərgəsində yazdığı "Quşcuğaz" şeiri indi də gözəl nümunə kimi dərsliyə salınıb.

Kazan Dövlət Universitetinin tarixi hər kəsə məlumdur. Bu təhsil ocağını yüzlərlə soydaşımız bitirib. Digər tərəfdən məşhur şərqşünas - alim, sağlığında "canlı klassik" adını qazanan M.Kazım bəy Kazan Universitetində şərqşünaslıq fakültəsini yaratmış, burada bir neçə dildə mühazirələr oxumuş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Xalqlarımız təkcə tarixi köklərlə yox, həm də qədim adət-ənənələrinə görə yaxındılar. Hətta bir sıra bayramlar üst-üstə düşür. Məsələn, Qurban, Ramazan, Novruz bayramları...

Mütəmadi surətdə Kazanda "Azərbaycan mədəniyyəti və incəsənəti günləri", eyni zamanda Bakıda "Tatarıstan mədəniyyəti və incəsənəti günləri" keçirilir. Xalqlarımız toy-bayrama çevirilən bu günləri həmişə yüksək əhval-rühiyyədə qarşılayırlar.

Xəbər verdiyimiz kimi, oktyabrın 4-dən 6-dək Azərbaycanda “Tatarıstan mədəniyyəti və incəsənəti günləri" keçirildi. İki ölkə arasında mədəni əməkdaşlıq çərçivəsində imzalanan saziş əsasında baş tutan tədbirlə bağlı bir sıra mədəniyyət müəssisələrində konsertlər, sərgilər keçirildi.
Bu tədbirləri ikitərəfli əlaqələrin yeni mərhələsi hesab etmək olar.

Şəhərimizə gələn nümayəndə heyətinə Tatarıstan Respublikası baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva başçılıq edirdi. Rəsmi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılış mərasimində iştirak etdilər.

Kitabxanada görüş

Mədəniyyət günləri çərçivəsində qonaqlar M.F.Axundov adına Milli Kitabxanada təşkil olunmuş tədbirə də qatıldılar. Mərasimdə Tatarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycan Xalq Cümhuriyyətinə dair qiymətli tarixi sənədlər Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdim edildi.

Eyni zamanda, Azərbaycan Milli Kitabxanası tərəfindən Tatarıstan tarixinə, tatar yazıçı və şairlərinin yaradıcılığına dair qiymətli kitabların da Tatarıstan Milli Kitabxanasına təqdimatı oldu. Həmçinin təqdimat mərasimində Milli Kitabxananın fondunda mühafizə olunan tatar ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisi də nümayiş edildi.

Tədbirdən sonra jurnalistlərlə görüşündə bu səfərdən məmun olduğunu bildirən Zilya Valeyeva, mədəniyyət sahəsində əməkdaşlığın vacibliyinə toxundu və bu tədbirlərin xalqımızda Tatarıstanın tarixi, mədəniyyəti barədə geniş təəssürat yaradacağını vurğuladı.

Daha sonra qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olundu.

Müasir tatar rəsmləri

Tədbirlər silsiləsi çərçivəsində Muzey Mərkəzində "Tatarıstan rəssamlarının müasir incəsənəti" adlı sərgi açıldı.

Sərgidə hər iki ölkənin nazirləri - Əbülfəs Qarayev və Zilya Valeyeva ilə yanaşı, nazir müavinləri, ziyalılar, mədəniyyət xadimləri də iştirak etdilər. Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi, bu əlaqələrin gələcəkdə də davam edəcəyini vurğuladı: "Biz qohum türk xalqları olduğumuza görə Tatarıstan mədəniyyəti bizə daha yaxındır. Gələn ilin yazında Tatarıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub."

Zilya Valeyeva isə çıxışında gördükləri qonaqpərvərlik və isti münasibətdən məmnun olduğunu dilə gətirdi: "Burada bizi yaxşı başa düşürlər. Mədəniyyətlərimiz eyni kökdən qidalanır. Son 20 il ərzində Tatarıstanın Azərbaycanda böyük sərgiləri olmayıb. Bu sərgidə öz vətənlərinin bugünkü həyatını əks etdirən Tatarıstanın müasir rəssamları təqdim olunub".

Konsertdəki təəssüratlar

Mədəniyyət günləri Dövlət Musiqili Komediya Teatrında Tatarıstan incəsənət ustalarının konserti ilə davam etdi. Konsertdən əvvəl çıxış edən Tatarıstanın mədəniyyət naziri Zilya Valeyeva iki dost ölkə arasındakı mədəni əlaqələrin inkişafı üçün bundan sonra daha geniş müstəvidə fəaliyyət göstərəcəklərini söylədi.
Çıxışında Azərbaycan xalqının qonaqpərvərliyindən, milli adət-ənənələrinə bağlılığından da söz açan nazir, gördükləri xoş münasibət və səmimi qəbula görə təşəkkürünü bildirdi. Ölkəsinin mədəniyyət və folklor nümunələrinin tamaşaçılarda xoş təəssürat oyadacağına inandığını bir daha vurğuladı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tatar mədəniyyətinin zənginliyindən, çoxşaxəliliyindən danışdı. İki xalqı birləşdirən ortaq dəyərlərin əsasında ortaq dilin və dinin durduğunu vurğulayan natiq, mədəniyyətlərin dialoqu müstəvisində bu faktorun xüsusi önəm dışıdığını dedi.

Sonra səhnəyə incəsənət xadimləri çıxdılar. Onların ifasındakı rəqs və musiqi parçaları alqışlarla qarşılandı.

Tədbirdə tatar musiqisi, xalq mahnıları ifa olundu. Tamaşaçılar həmçinin tatar folklor nümunələrinə, xalq rəqslərinə də tamaşa etdilər. Rəngarəng geyimli rəqqasların çıxışı göz oxşayırdı.

Ayın 5-də Xırdalan şəhərində Tatarıstan incəsənət ustalarının geniş proqramı oldu. Ayın 6-da saat 11.00-da Axundov adına Milli Kitabxanada görüş və XIX-XX əsrlərdə Azərbaycanda milli-demokratik hərəkata həsr olunan kitabların elektron variantının təqdimat mərasimi gerçəkləşdi.