Biz azərbaycanlılar dünyanın hansı bir guşəsində yaşamağımızdan asılı olmayaraq, hərəmiz bir ovuc vətən torpağıyıq. Öz ana məmləkətimizi qanımızda, canımızda yaşadan sadiq insanlarıq. Azərbaycan deyilən bu qədim, ulu məmləkətin sərhədləri Dərbənddən Borçalıya, Qarabağdan Kərkükə, İrəvandan Mosula, Təbrizdən Ərdəbilə, Zəngəzurdan Urmiyaya qədər uzansa  da, biz onun yalnız kiçik bir hissəsində öz azad, müstəqil dövlətimizi yarada bildik. Lakin biz türkçülüyün, müasirliyin, islamçılığın rəmzi olan üçrəngli bayrağımızın dalğalandığı bu torpağın ərazisində məskunlaşmış 8,5 milyonluq kiçik bir millət yox, uzun qərinələr boyu müxtəlif ictimai-siyasi münaqişələr üzündən planetimizin 70 ölkəsinə səpələnmiş 60 milyonluq nəhəng bir millətik. Həmin ölkələrin hər birində bir Azərbaycan yaşayır.

Ulu öndərimizin vaxtilə dediyi kimi, hər bir dövlətin qüdrəti onun yalnız iqtisadi potensialı ilə deyil, həm də xaricdə formalaşdırdığı diaspor və lobbilərin gücü ilə ölçülür. Elə buna görə də, Azərbaycan rəhbərliyi 10 il bundan əvvəl xarici ölkələrdə məskunlaşmış soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək yoluna qədəm qoydu.

Həmin ölkələrdə, həmcinin Azərbaycanda vaxtaşırı mədəniyyət günlərinin, teatr kollektivlərinin qastrollarının keçirilməsi, elmi simpoziumlar, beynəlxalq idman yarışları dövlətlərarası münasibətlərin inkişafı üçün əlverişli mühit yaradır. Vətəndən uzaqlarda yaşasalar da, soydaşlarımızın yeganə məqsədi milli adət və ənənələrimizi qoruyub saxlamaq, doğma Azərbaycanımızın milli mənafeyinə xidmət etməkdir. Çünki bizim yalnız eyni tarixi köklər üstə pərvəriş tapmış bir müqəddəs vətənimiz, bir sevimli xalqımız var. Bu xalqın hər bir vətəndaşını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişi münasibətilə təbrik edirəm!  

Azər Zeynalov,
Azərbaycan və Dağıstanın xalq artisti