Korifey sənətkar Tahir Salahov Azərbaycanda “İlin adamı” mükafatına layiq görülüb. Bu, Çingiz Mustafayev Fondunun bazar ertəsi yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, rəssam “2008-ci ilin adamı” mükafatına dünya təsviri sənətinə verdiyi töhfələrə, Azərbaycanın onun əsərləri vasitəsilə beynəlxalq səviyyədə tanınmasına və milli ideyaların təbliğinə görə layiq görülüb. T.Salahov 1928-ci il noyabrın 29-da Bakıda anadan olub. O, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir. T.Salahov SSRİ-nin xalq rəssamı adı ilə yanaşı, Azərbaycan və Rusiyada da analoji adlara layiq görülüb, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatıdır.