Fevralın 11-də Maestro Niyazinin ev-muzeyində SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Soltan Hacıbəyovun 90, onun oğlu, əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun 60 illik yubileyləri qeyd olundu. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova və musiqişünas Zümrüd Dadaşzadə Üzeyir Hacıbəylinin tələbəsi və nəslinin davamçısı olan S.Hacıbəyov, habelə onun övladı İ.Hacıbəyovun həyat və yaradıcılıqlarından bəhs etdilər.
  
    Məlumat üçün bildirək ki, Soltan Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olub. Sənətkarın gəncliyi xalq musiqi sənətinin böyük sərvətləri ilə bilavasitə ünsiyyətdə keçib. İkisinifli ibtidai məktəbi bitirdikdən sonra S. Hacıbəyov 1930-cu ildə Bakıya köçmüşdür. 1936-cı ildən etibarən burada əmisi Ü.Hacıbəyovla şəxsi ünsiyyəti, onun əsərləri ilə yaxından tanışlığı S.Hacıbəyovda musiqiyə, musiqi yaradıcılığına maraq oyatmışdır. S.Hacıbəyov orta məktəbi bitirdikdən sonra orta ixtisas musiqi məktəbinin truba sinfində oxumuş (müəllim A.L. Kolpinski), məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə, professor B.İ.Zeydmanın sinfinə daxil olur. Hələ konservatoriyaya daxil olmamışdan qabaq “Qızıl gül” musiqili komediyasını yazır və bu əsər 1940-cı ildə Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulur. Xatırladaq ki, həmin vaxt bəstəkar teatrda orkestrin rəhbəri işləyirdi. Konservatoriyada ilk təhsil illərində S. Hacıbəyov fortepiano üçün iki prelüd, uşaq kantatası yazır. Bundan əlavə Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki sazçı qızlar ansamblının bədii rəhbəri vəzifəsində çalışır. Bir qədər sonra Azərbaycan teatr məktəbində musiqi nəzəriyyəsindən dərs deməyə başlayır. Bu illərdə o, skripka ilə orkestr üçün konsert, birinci kvartet, simfonik variasiyalar, kantata və s. yazmışdır.
    Böyük Vətən müharibəsi illərində digər bəstəkarlar kimi, S.Hacıbəyov yaradıcılığında da vətənpərvərlik və faşizmə qarşı mübarizə mövzusu mühüm yer tuturdu. Həmin illərdə yazdığı «Birinci simfoniya»sı Q.Qarayevin, C.Hacıyevin simfoniyaları ilə yanaşı, musiqi tariximizə Azərbaycanda simfoniya janrının ciddi inkişafı faktı kimi daxil olub. 1941-45-ci illərdə S. Hacıbəyov, başqa Azərbaycan bəstəkarları kimi, hərbi-vətənpərvərlik mövzusunda bir sıra kütləvi mahnılar yazıb. II Dünya müharibəsi qurtardıqdan sonra S. Hacıbəyov diplom işi kimi «İkinci simfoniya»sını (c-moll) təqdim edib, konservatoriyanı bitirir. «Birinci simfoniya» kimi, «İkinci simfoniya» da hərbi-vətənpərvərlik mövzusu ilə bağlıdır və bəstəkarın bədii fikri dörd hissəli silsilədə ardıcıl olaraq açılır. Konservatoriyanı bitirdikdən sonra bəstəkar bir ilə yaxın Moskvada olur, D.Şostakoviçdən yaradıcılıq məsələləri üzrə xeyli məsləhət alır. Bu canlı söhbətlər bəstəkarın dünyagörüşünün zənginləşməsində mühüm rol oynayır. 40-cı illərin ortasında bəstəkar Türkmənistan Dövlət Opera və Balet teatrının sifarışı ilə “Kəminə və Qazı” operasını yazır. Təəssüf ki, opera başa çatdırılmamışdır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S.Hacıbəyov onun əsasında “Karvan” simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar “Karvan”ın yeni redaksiyasını işləmiş və bu əsər hazırda həmin redaksiyada ifa olunur. 1950-ci ildə M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində S.Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti - “Gülşən” tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə “Gülşən” baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi “Gülşən” süitası böyük tirajla “Bruno” (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. S.Hacıbəyov Azərbaycan Dövlət Dram Teatrının bir sıra tamaşalarına da tərtibatını vermişdir. 1947-ci ildən başlayaraq Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, sonra direktor işləmiş, 1969-74-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. Bu böyük bəstəkar 1974-cü il sentyabrın 19-da vəfat etmişdir. Tədbirdə xalq artistləri Sevda İbrahimova və Musa Mirzəyev Soltan Hacıbəyovun bir sənətkar və insan kimi təvazökarlığından, gənclərə qayğısından danışdılar, bəstəkarın oğlu və sənətinin davamçısı İsmayıl Hacıbəyovun öz sənətinə, mənsub olduğu xalqa məhəbbətini, dostlarına qarşı səmimiyyətini yada salan xatirələri dilə gətirdilər.
   Çıxış edənlər bildirdilər ki, Soltan Hacıbəyovun oğlu İsmayıl Hacıbəyov da Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib. Belə ki, onun yazdığı piano üçün "Albomdan səhifələr" süitası (1991); Piano üçün "Üç idilliya" 1992); Fleyta və simli orkestr üçün "Konsertştük" (1993); Oktet üçün "Divertisment" (1993); Dantenin söz. 4 Romans (1996); "Füruzə" operası /libretto - müəllifindir/ (1997); Fleyta, klarnet və piano üçün "İstəklər" triosu (1998); Nəfəsli alətlər üçün Kvintet (1999); Kapella xoru üçün 3 Vokaliz (2000) bu gün də musiqisevərlər tərəfindən həvəslə ifa olunur. İ.Hacıbəyov həm də bir çox məqalələrin, araşdırma yazılarının da müəllifidir. Yubiley tədbirində əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın, Səbinə Əsədovanın, həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifasında S.Hacıbəyovun “Lay-lay”, “Bakının işıqları”, “Adajio”, İ.Hacıbəyovun "Albomdan səhifələr", “Sevməcə”, “Menuet”, “Kiçik pyes” əsərləri səsləndi.
    Mərasimin sonunda Hacıbəyovlar ailəsinin nümayəndəsi, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.   

Turan