Üzeyir Hacıbəyov Azərbaycanın mədəniyyət tarixində professional musiqinin banisi, dahi sənətkar, görkəmli ictimai xadim, jurnalist, ən əsası, fitri istedad sahibi kimi daxil olub.Təsadüfi deyil ki, Üzeyir Hacıbəyovu Azərbaycan musiqi mədəniyyətinin və Şərq musiqisinin atası da adlandırırlar. Bu gün Üzeyir Hacıbəyovun vəfatından 60 il ötsə də, onun adı yaratdığı musiqi incilərində yaşayır. 100 ildir ki, bəstəkarın məhəbbət dastanı olan "Leyli və Məcnun" əsəri dünya opera səhnələrində uğurla nümayiş etdirilir. Onun "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Əsli və Kərəm", "Koroğlu" operaları ilə yanaşı, "Arşın mal alan", "O olmasın, bu olsun" kimi musiqili komediyaları, romansları bu gün də sevilərək ürəkləri riqqətə gətirir. Bu fikirlər bugünlərdə Bakınin Bülbülə qəsəbəsində Ü.Hacıbəyov adına kitabxanada dahi bəstəkarın vəfatının 60 illiyinə həsr olunmuş xatirə gecəsində səsləndirildi. "Olməz, əbədi Üzeyir sənəti" adlı gecə Ü. Hacıbəyovun bəstələdiyi Azərbaycan Dövlət Himninin sədaları altında başladı. Gecədə iştirak edən ziyalılar, mədəniyyət işçiləri, 87 və 140 saylı məktəblərin şagirdləri bir dəqiqəlik sükutla bəstəkarın xatirəsini yad etdilər. Öncə kitabxananın direktoru Şamay Orucov çıxış edərək bəstəkarın Vətənə olan sonsuz məhəbbətindən, yaratdığı sənət incilərindən danışdı. Kitabxananın əməkdaşları Sədaqət Abbasova, Güllü Hacıyeva, 3 saylı Uşaq İncəsənət Məktəbinin müəllimi Könül Talıbova və ziyalılar Ü.Hacıbəyovun həyat və yaradıcılığından, ömür yolundan söhbət açdılar. Şagirdlər dahi bəstəkar haqqında görkəmli incəsənət xadimlərinin söylədikləri müdrik kəlamları, tanınmış şairlərin şeirlərini, eləcə də "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarından parçaları böyük məharətlə ifa etdilər. Milli geyimdə olan məktəblilər Üzeyir sənətinin ölməzliyini yaratdıqları müxtəlif obrazlarda yenidən tamaşaçılara göstərə bildilər. Ü.Hacıbəyov 60 il öncə dünyasını dəyişsə də,onun adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Məktəblilər böyük sənətkarın vəfatı münasibətilə xalq şairi Səməd Vurğunun yazdıgı "Ölüm sevinməsin qoy" şeirini həmin agrılı günlərin yadigarı kimi böyük ustalıqla söylədilər. Azərbaycanın görkəmli mədəniyyət xadimi, bəstəkar Üzeyir Hacıbəyova həsr olunan xatirə gecəsi dahi şəxsiyyətin ölməz "Koroğlu" operasındakı "Uvertüra"nın əzəmətli sədaları altında başa çatdı. Təranə Cəbiyeva