İ.M. Əbilov adına Mədəniyyət Mərkəzində “Ədəbi üfuqlər” silsiləsindən əməkdar incəsənət xadimi, şair Ənvər Əlibəylinin xatirə gecəsi keçirildi. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin bədii rəhbəri M. Əsgərov ədibin həyat və yaradıcılığından danışdı:“Dünya şöhrətli Rəşid Behbudovun ifasında bəstəkar R. Hacıyevin "Azərbaycanım" mahnısı hər dəfə səslənəndə xəyallarda ölkəmizin al-əlvan təbiət mənzərələri - uca dağlar, sıldırım qayalar, gur şəlalələr, üfüqə doğru uzanan düzlər, bəhrəli çöllər, neft buruqları canlanır. Sevgidən süzülüb gələn, ürəkləri oxşayan, xalqımızın vətənpərvərlik simvoluna çevrilmiş həmin nəğmənin sözləri şair Ənvər Əlibəylinindir. O, doğma el-obamızı minbir həvəslə tərənnüm etmiş, insan qəlbinin dərinliklərinə varıb incə duyğuları, zərif hissləri aşkar edən, onları mənalandırıb poetik təsvirlərə çevirməyi məharətlə bacaran əsl söz sərrafı idi. Ənvər Əlibəyli kim idi? Şair, tərcüməçi, ictimai xadim, mehriban ailə başçısı, sədaqətli dost, azərbaycanlı olmağından daim qürur duyan insan!” Daha sonra çıxış edən şair Ədalət Əsgəroğlu və başqa qonaqlar da Ə.Əlibəylinin poetikasından, sözə münasibətindən söz açdılar. Tədbir Ə. Əlibəylinin şeirlərindən və şeirlərinə bəstələnmiş musiqilərdən ibarət proqram ilə davam etdi. “Vurğun” poeziya teatrı (“Ey gözəl Vətən!”), “Şəlalə” xalq çalğı alətləri ansamblının solisti Musa Zeynalov (“Azərbaycanım”, “Xatirə”), Mərziyyə Axundova (”Sevgilim”) və başqalarının çıxışları maraqla qarşılandı. Məlumat üçün bildirək ki, ədib 1916-cı il aprelin 1-də Bakıda dünyaya göz açıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin məzunu olub. Şairin "Qaranquş" adlı ilk şerilər kitabı 1947-ci ildə buraxılmış, sonrakı illərdə 10-a qədər kitabı işıq üzü görüb. Onların arasında "Sənin adınla", "İlk məhəbbət", "Mingəçevir şeirləri", "Dalğalar arasında", "Elə xoşbəxtəm ki!", "Nəğmələr", "Bir kitab şeir", "Ürəyimdəsən" və başqa kitabları var. Şeir yazmaqla yanaşı, o, "Ədəbiyyat" qəzetinin redaktoru, Azərbaycan Radiosunun rəhbəri, 1964-68-ci illərdə Azərbaycan Radio və Televiziya Verlişləri Komitəsinin sədri vəzifəsində çalışıb. Lakin, bütün bu illər ərzində onun üçün başlıcası - poetik yaradıcılığı olub. Mərasimdə Ə. Əlibəylinin ailə üzvləri də – qızı Sima xanım, bacısı Şəfiqə xanım, nəvələri - iştirak etdilər. Turan