Dekabrın 14-də Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun anadan olmasının 93 illiyi qeyd olunacaq. Dövlət Mahnı Teatrının mətbuat xidmətindən bildirilib ki, həmin gün tanınmış mədəniyyət və incəsənət xadimləri mərhum sənətkarın məzarını ziyarət edəcəklər. Daha sonra sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrında onun xatirəsi anılacaq. Xatirə gecəsində Yalçın Rzazadə, Mübariz Tağıyev, Rəşidə Rəşid, Əvəz Abdullayev, Bilal Əliyev, Vaqif Şıxəliyev, Anar Şuşalı və başqaları çıxış edəcəklər. Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub və 1989-cu il iyunun 9-da vəfat edib.