Dahilər bütün dünyaya məxsusdur
   
   «Öz bəşəriyyətinin» ifadəsinə kimlərinsə təəccüblənəcəyi gümanındayam. Amma təəssüf. Burada olsa-olsa başlıqdakı adla və bu addan doğan milli eqo ilə ilgili inoqısqanclıq ehtimalı ola bilər ki, bunu da - bu yeri böyük məmnuniyyət və üst ştrixlə Bethovenə, Vivaldiyə, Rossiniyə, Şopenə, Motsarta, Çaykovskiyə... də verməklə «zərərsizləşdirə», belə demək mümkünsə, konsensuslaşdıra bilərik. Adlarını tam sadalamadığım bu nəhənglərin hər biri doğrudan da öz xalqı və öz bəşəriyyətinin fəxri-major ovqatıdır. Bəşəriyyəti ayrı-ayrı xalqların yetirdiyi fenomenlər formalaşdırmırlarmı? Bu sual - müsbət qəbul edildiyi halda - məlum «hamınındır - heç kəsin deyil» formuluna yer qoymur. 
   
   Yuxarıdakı qənaətlərin davamı olaraq deyim ki, böyük çaylar, dənizlər, okeanlar yalnız bir xalqa, bir ölkəyə mənsub olmadığı kimi, dahilər, korifeylər də - bütün bunlara sahib olan dünyaya məxsusdur. Siyasi-strateji qaliblik atributu olan böyük sulardan söz düşmüşkən, dahisi olmayan xalqın dünyaya - bəşər mədəniyyətinə çıxışı yoxdur. «Dünya mədəniyyəti» deyilən isə elə zəngin, elə kübar «ev sahibi»dir ki, əlidoluları yox, yalnız qəlbidolu «qonaq»ları qəbul edir. O qəlbdəki mətah-bəratları milli çəpərləri aşıb dünyəviləşirsə, ümumbəşəri qidaya çevrilirsə, o müsafir, daha heç bir səfər etmədən, bütün ölkələrin fövqələbədi səfiri olur.
   İlk abzasda ölkələrin siyasi-strateji qaliblik göstəricisi olan böyük sulara çıxışdan söz açdıq. Bu kiçik yazı ilə doğum gününü (5 fevral 1918) qutladığımız Qara Qarayev bizimçün dünyaya daha əbədi bir çıxış açıb. Su, hava, quru kimi fiziki çıxışlardan daha uzun, daha uca, gömrüksüz, vergisiz, tufansız, qeyri-«ildırımlı» mənəvi yollar. Bu yazımda bu məşhurlar məşhurumuzun qəlblər əzbəri əsərlərindən konkret bəhs açmayacağımı qərarlaşdırsam da, bu məqamda «İldırımlı yollarla» şedevrini xatırlatmaya bilmədim...
   
   Onun «avtoportreti». Fırçasız...
   
   Onun fırça ilə yaradılmış portretləri az deyil. Xüsusən Tahir Salahovun «Bəstəkar Qara Qarayevin portreti»! Rəssamlar - görünənləri hamıdan yaxşı görüb, hamıdan yaxşı göstərə bilənlər - onlara «gəl-gəl» simfoniyası çalan bu əsər-surəti biz adi görənlərə böyük orkestrlər səviyyəsində göstərməlidirlər. Bu, əlbəttə, bir göstəriş, şəxsi istəyiş deyil - milli sifariş, xəlqi görsənişdir. Təəssüf ki, bu ecazkar sifət-surət obrazının ən kamil «ustadı» hələ də öz dövrünün güzgüləri, fotoobyektivləri olaraq qalır...
   Güzgülər, fotoobyektivlər və bir də kino-tele lentlər. Rəssamlardan, qələm əhlindən fərqli olaraq, olanı ola bilən kimi yox, məhz olan kimi təqdim edən əşyalar. Sənətçilər yox, sənədçilər. Bəs necə edəsən, necə vizual energetikaya malik olasan ki, danışmadan, dinmədən bu sənədçiləri də «kolleqa»laşdırasan?
   Siz bir onun fotolarındakı baxışlarını, kadrlardakı jestlərini xatırlayın. Sakit... sakit... Şax və şahanə duruşunda bir vuruş. Geniş və açıq alnı sanki sənət ekranı. Bətndə vulkanizm, batində humanizm saçan gözlər. Bir qulağı həmsöhbətində, o biri - tanımadığı milyonların yeni gözləntilərində; hay-küysüz, «darı dələn» nisbətində. Yenidən xatırlayın. O heç vaxt heç kimə, heç nəyə baxmır; nə adamlara, nə obyektivlərə. «Ağac bar gətirdikcə...» məsəli. Amma bir fərqlə: başını yox, baxışlarını aşağı dikir. Yəqin, belə bir məqsəd-məramla ki, onsuz da bəlli böyüklüyünü qarşısındakılara duyurmaq təhlükəsi yarana bilər. Bəs necə, çox-çox böyüklük bu kimi kiçik xətalardan xələl çəkə bilər. Avtoportretlər rəssamların kiçik bir dövr işləridirsə, digər sənət adamlarının bütün ömür işləridir...
   
   Hamının və hər kəsin Qara Qarayevi
   
   Qara Qarayevin xalq içrə portretləri də az deyil. Bunlar müxtəlif «janr»lardadır; söyləmələr, qoşular və s. Bunlardan ikisi mənimçün daha maraqlıdır. Birində sənətkaranə «dəcəllik», o birində - bütün korifeyləri müşayiət edən halay-valaylıq. İşə baxın, onun pəncərə şüşəsi sındırmasını da məqbul hesab etməmək olmur. Belə ki, bir gün sübh tezdən Üzeyir bəy indiki İqtisad Universitetinin yanından ötərkən görür ki, bir uşaq üçüncü mərtəbədəki taybatay açılı pəncərəyə dalbadal daş atır. Soruşur ki, niyə belə edirsən, dillənmir. Qeyri-adi fəhmə malik Üzeyir bəy uşağın gözlərində nə görürsə, yaxınlaşıb başını sığallayır və bir də soruşur. İçində gələcək dahi gizlənmiş uşaq millətin bu sənət babasının sığalındakı səmimiyyətə güvənib, fikrini bir nəvə sadəlövhlüyü ilə bəyan edir; mən sınan şüşə cingiltisini çox xoşlayıram, deyir.
   Onun haqqında olan xəlqi «portret»lərdən söyləyəcəyim ikinci «rəvayət»in şəxsən şahidiyəm. On-on iki il əvvəl, bir dostumun maşınında Qara Qarayevin «Vals»ını dinləyib təəssüratlarımızı bölüşürdük. Onun 7-8 yaşlı nəvəsi də maşında idi. Bu dostum və yaşıdım 50-ci illərlə bağlı bir hekayət söylədi. Dedi ki, indi işğal altındakı rayonumuza yenicə radio qovşağı çəkilmişdi və 105 yaşlı nənəm tez-tez gileylənir, biz nəvə-nəticələrinə «onun səsini kəsin!» əmri verirdi. Qərəz, bir gün o mənə bir saçaqlı konfet verib, dilə tutdu ki, onun adından radio-studiyaya bir məktub yazım. Yazım ki, o, Qara Qarayevi tez-tez səsləndirsinlər. Ucqar bir kəndin 105 yaşlı ağbirçəyinin müasir musiqi zövqünə məəttəl qalan radio işçilərindən bir qrupu iki həftədən sonra bizim kəndə gəldi. Xoş-beş, çay-çörəkdən sonra bunun səbəbini soruşdular. Nənəm nə cavab versə yaxşıdır? Dedi ki, ay bala, mən bir xəstə adamam, başım səs-küy götürmür, o cürənə musiqilər veriləndə isə uşaqlar özləri bağlayır radionu...
   Sonra dostum əlavə etdi ki, indi mənim nəvəm, mən nəvə olarkən nənəmin sözünə baxıb yol verdiyim o qüsurun «qisasını» məndən alır. Deyir, baba, «dərslərinə fikir ver» deyib, mənə klassiklərin disklərini almırsan, barı radioya məktub yaz ki, indicə mənim ürəyimi oynadan bu musiqiləri tez-tez səsləndirsinlər...
   
   Epiloq əvəzi
   
   Bu xalqa, dünyaya mükafat olanlarımızdan birisinin təltif və mükafatlarını sadalamağa nə ehtiyac? SSRİ Xalq artisti, bir dəfə Lenin, iki dəfə Stalin mükafatı laureatı, Sosialist Əməyi qəhrəmanı, akademik... Bu adlar çoxdur, böyükdür, lakin onun təkrarsız əsərlərinin böyüklüyünə o qədər də adekvat deyil. Musiqisini yazdığı filmlərin hər birində ikinci baş qəhrəman mütləq mənada onun notlarıdır. Baletlərindəki parçaların hər biri həm də müstəqil sənət nümunələridir. Simfonik poemaları dünyanın bütün könül-nəşriyyatlarında eyni dildə, lakin məhz Azərbaycan imzası ilə səslənib-oxunan bəşəri nəğmələrdir.
   ... Və yəqin ki, on-on iki il öncə dostumun maşınında «Vals» davası edən o uşaq indi ordudadır. Sözsüz ki, o oğlan bu Vətəni təkcə maddi yox, hələ o yaşda ikən o qədər sevdiyi o «Vals» da daxil olmaqla, mənəvi nemətlərini qoruduğunun fərqindədir və bu ölkənin o «Vals» qədər parçasını düşməndən azad etməyə çalışır.
   
   Tahir Abbaslı







News

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B