Azərbaycan musiqisinin şöhrətini dünyaya yayan dahi bəstəkar Üzeyir Hacıbəylinin surəti incəsənətin bütün sahələrində əbədiləşmişdir. Bəstəkara neçə-neçə bədii nümunələr, rəsm əsərləri, onun həyat və yaradıcılığını əks etdirən bədii və sənədli filmlər həsr edilmişdir. Respublikamızda neçə-neçə elm, təhsil, mədəniyyət ocağına onun adı verilmişdir.
   
   «Üzeyir Hacıbəylinin obrazı heykəltəraşlıqda» mövzusu da maraq doğuran, diqqətçəkən mövzudur. Bu yazıda dahi musiqiçinin daşlarda əbədiləşən obrazından söz açacağıq.
   Böyük bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısındakı heykəli uzun illərdir bu nüfuzlu təhsil və sənət ocağının rəmzinə çevrilmişdir. Heykəltəraş Tokay Məmmədovun 1960-cı ildə qranit postament üzərində tuncdan yaratdığı monumental heykəl Azərbaycan heykəltəraşlığının ən uğurlu nümunələrindən biridir.
   Professor Tokay Məmmədov Üzeyir bəy surətinə iki dəfə müraciət etmiş, bəstəkarın büstünü də işləyib hazırlamışdır. Hazırda bu büst Üzeyir Hacıbəylinin ev-muzeyində nümayiş etdirilir.
   Azərbaycanın Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 1956-cı ildə tuncdan yaratdığı Üzeyir Hacıbəylinin qəbirüstü abidəsi də dərin ifadəliliyi, əzəməti ilə fərqlənir. Bacarıqlı heykəltəraşın dediyinə görə o, Üzeyir Hacıbəylinin surətini işləməzdən öncə dəfələrlə onun musiqisini dinləmiş, yaxınları, qohumları ilə görüşmüş, hətta Şuşadakı evində də olmuşdur.
   2006-cı il musiqisevərlərin yaddaşına Vyana şəhərində ölməz bəstəkarın abidəsinin açılışı ilə həkk olundu. Bu hadisə Üzeyir musiqisinin bəşəriyyət tarixində özünəməxsus yeri olduğunu bir daha sübut etdi. Bu abidənin də müəllifi Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, heykəltəraş Ömər Eldarovdur.
   M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Bakıda öz möhtəşəmliyi ilə seçilən binalardandır. Memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş əzəmətli binanın lociyasında Nizaminin, Puşkinin, Sabirin, Bülbülün, Səməd Vurğunun və b. heykəlləri ucaldılmışdır. Bu heykəllər sırasında dahi Üzeyir Hacıbəylinin də abidəsi var. 3 m hündürlüyü olan əzəmətli heykəlin müəllifi heykəltəraş Xanlar Əhmədovdur. O, dahi bəstəkarın surətinə bir daha müraciət etmiş, heykəltəraş Namiq Dadaşovla birlikdə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə tuncdan irihəcmli büstünü düzəltmişdir. Uzun illər bu büst Üzeyir bəyin doğma diyarı olan Şuşa şəhərinin yaraşığı olmuşdur. Üzeyir qüdrətinə gücü çatmayan mənfur düşmənlər onun büstünə güllələr yağdırmaqla özlərinin, bəşəriyyətə əsl şah əsərlər töhfə etmiş Üzeyir musiqisi qarşısında nə qədər aciz olduqlarını bir daha göstərdilər. Büst Bakıya gətirilmiş və burada qorunub saxlanılmaqdadır.
   Bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmış daha bir abidəsinin müəllifi isə Əhməd Salikovdur. Təəssüf ki, bu monumental heykəlin taleyi bu gün bizə məlum deyildir. Ə.Salikov Üzeyir bəyin obrazına hələ 1973-cü ildə də müraciət etmiş, bəstəkarın irihəcmli mərmər büstünü yaratmışdır. Bu büst hazırda Üzeyir Hacıbəylinin ev muzeyinin ən dəyərli eksponatlarındandır.
   Bəstəkarın surətini əbədiləşdirənlərdən biri də ilk azərbaycanlı heykəltəraş qadın, Bakı Rəssamlıq Məktəbinin məzunu Zivər xanım Məmmədovadır. Dahi bəstəkarın yaradıcılığına vurğunluğunu o, 1950-ci ildə ucaltdığı heykəllə bir daha sübut etmişdir.
   Azərbaycan heykəltəraşlığında özünəməxsus yeri olan sənətkarlardan biri də Fuad Əbdürrəhmanovdur. Fuad Əbdürrəhmanov deyirdi: «Heykəltəraşlığın musiqi ilə böyük yaxınlığı vardır. Üzeyir bəy kimi görkəmli şəxsiyyətin, mənən çox zəngin insanın abidəsini yaratmaq üçün mən illərlə onun yaradıcılığı ilə tanış olmuş, ölməz musiqisini dinləmişəm».
   F.Əbdürrəhmanov bəstəkarın obrazına dəfələrlə müraciət etmişdir. 1970-ci ildə düzəltdiyi abidə Üzeyir bəyin doğma şəhəri olan Şuşada ucaldılmışdır. Gipsdən düzəldilmiş, cilalanmış bu heykəlin də taleyi naməlumdur.
   Heykəltəraşın böyük bəstəkarın xatirəsinə düzəltdiyi tunc büst isə Üzeyir Hacıbəylinin ev-muzeyində qorunub saxlanılır. Mərmər oturacağa bərkidilmiş, hündürlüyü yarım metrdən çox olan bu büst bəstəkarın ev-muzeyinin ekspozisiya zallarından birini bəzəyir.
   Əməkdar incəsənət xadimi, rəssam Nəcəfqulu İsmayılov da dəfələrlə Üzeyir Hacıbəylinin obrazını yaratmışdır. Onun böyük bəstəkarın 100 illik yubileyi münasibətilə misdən hazırladığı masaüstü büst görünüşü etibarilə o biri büstlərdən fərqlənir. Büstün postamentində lira fiquru, fiqurun altında isə kiçik çələng həkk edilmişdir. Daha aşağıda isə «Üzeyir Hacıbəyov» sözləri yazılmışdır.
   Rəssam «İki dahi» adlandırdığı əsərində isə (mis triptix) kompozisiya yaratmışdır. Burada biz XVI əsrin dahisi Məhəmməd Füzulini və XX əsrin dahisi Üzeyir Hacıbəylini görürük. Müəllif Füzulini də, Üzeyir bəyi də dərin düşüncələr içərisində təsvir etmişdir. Ortada isə onların müştərək əsəri olan «Leyli və Məcnun»dan bir fraqment - Məcnun Leylinin məzarı üstündə - təsvir edilmişdir. Metal üzərində oyma hazırda Üzeyir Hacıbəylinin ev-muzeyində qorunub saxlanılır. Bu sənət əsərinə olan maraq, heyranlıq muzeyə gələn qonaqların gözlərindən oxunur.
   Bəstəkarın obrazına heykəltəraş İbrahim Zeynalov da müraciət etmişdir. O, dahi bəstəkarın ağ mərmərdən büstünü özünəməxsus orijinallıqla işləmişdir.
   Dahi bəstəkarın ev-muzeyini daha bir orijinal sənət əsəri bəzəyir. Bu heykəltəraş Oqtay Şıxəliyevin dahi bəstəkarın 100 illik yubileyi münasibətilə yaratdığı mozaik portretdir. Portret Florensiya mozaikası üslubundadır. Çərçivəsi gözoxşayan inkrustasiyadan olan, 220 mərmər və qranit parçasından hazırlanmış əsərin ölçüləri 90x80 sm-dir. Əsər 1986-cı ildən bəstəkarın ev-muzeyini bəzəyir.
   2009-cu ildə Azərbaycanın səfalı guşələrindən biri olan Şəmkir şəhərində yeni bir monumental kompozisiya ucaldıldı. Çox ustalıqla işlənmiş bu sənət əsərində bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad Azərbaycan himnini yaradarkən təsvir edilmişlər. Ölçüləri 34,2x25,3 m olan bu möhtəşəm abidə də mərmərdən, qranitdən və bürüncdən hazırlanmışdır. Bu abidənin müəllifi istedadlı heykəltəraş Azad Əliyevdir.
   Bu ilin iyun ayında isə Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin yeni bir abidəsinin açılışı oldu. Məcazi olaraq «Serb Afinası» adlandırılan Novi Sad şəhərində Serbiyanın qədim mədəniyyət abidələri, muzeylər, teatrlar yerləşir. Məhz belə bir şəhərdə dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin də abidəsi ucaldıldı. Abidənin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edirdi. Böyük bəstəkarın obrazı bir sıra medalyerlərin də diqqətini cəlb etmişdir. Ü.Hacıbəylinin 85 illiyi münasibətilə 1970-ci ildə buraxılan medalın müəllifi heykəltəraş-medalyer P.Xrunyovdur. Medalın üst tərəfində təsvir edilən böyük bəstəkarın profili yığcam və cəlbedicidir. Bu medal Sankt-Peterburqun «Monetnı dvor»ı zərbxanasında tuncdan tökülmüşdür.
   Əməkdar incəsənət xadimi Telman Zeynalov isə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın yubiley medalını hazırlamışdır.
   2008-ci ildə Avstriyanın «Austriant Mint» sikkəxanasında üzərində Üzeyir Hacıbəylinin surəti həkk edilmiş qızıl sikkə hazırlandı. Zavod istehsalı olan sikkənin çəkisi 31,7 qramdır. Sikkənin arxa tərəfində Üzeyir Hacıbəylinin şah əsəri olan «Koroğlu» operasından bir fraqment həkk edilmişdir. Diametri 37 mm olan sikkə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq Üzeyir Hacıbəylinin ev-muzeyinə verilmişdir.
   Bunlardan başqa dahi bəstəkarın surəti onlarla relyeflərdə, barelyeflərdə, qorelyeflərdə əbədiləşdirilmişdir ki, bunlar da respublikamızın neçə-neçə küçələrini, muzeylərini, sərgi salonlarını bəzəyir.
   
   Gülnarə Çingizqızı,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin şöbə müdiri







Новости

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B