Orta məktəbdə oxuyarkən müəllimlər ədəbiyyat sözünün etimalogiyasını bizə ədəb, mərifət kimi izah etmişdilər. Səhv etmirəmsə, indi də şagirdlərə belə öyrədirlər. Fəqət, ədəbiyyat anlayışının əhatə dairəsinə pərçimlənən “azadlıq”, sözün əsl mənasında, ədəb, mərifət anlayışlarını parçalayır və azadlıq adı ilə abırsızlıq nümayiş etdirilir. Ədəbiyyatda fikir azadlığını, azad sözü, formallıqdan uzaqlığı alqışlayıram. Çünki ədəbiyyatı çərçivəyə salanda şeirdə ancaq qafiyə, rədif, heca kimi məsələləri əsas meyar kimi göstərəndə, bir sözlə, ədəbiyyatı formalaşdıranda bədii söz vaxtsız və zamansız “ölür”. Bu gün azadlığı əllərində bayraq edən bəzi “ədəbi azadlar” öz azadlıqlarını yalnız tərbiyəsiz ədəbi nümunələr, porno şeir və hekayə yazmaqda görürlər. Azadlıq hər şeydən əvvəl, müqəddəs varlıq, mükəmməl nəsnədir ki, onu hər şeydən əvvəl hər kəs özündə tapmalıdır. Görkəmli nasir Ə. Əylisli öz müsahibələrinin birində ədəbi azadlıq barədə maraqlı bir fikir işlədir: “Hamının istədiyi azadlıqdan heç vaxt, heç kəsə pay düşmür. Azadlıq fərdi şeydir onu nə kimsə kiməsə verə bilər, nə də kimsə kimsədən ala bilər.” Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün bəzi qəzetlərdə palaz-palaz çap olunan şeirlərin əksər hissəsi erotik şeirlərdir. Ədəbi polemika zamanısa sinələrini gərə-gərə həmin adamlar tarixən belə şeirlərin üstüörtülü halda olduğunu, Avropa ədəbiyyatından hətta belə nümunələr gətirirlər. Zaman-zaman nə vaxtsa ədəbiyyatda belə mövzuların olması heç də qəribə hal sayılmamalıdır. Müəyyən sərhəd daxilində həmin tip şeirlər yaranmalıdır, ədəbiyyat eyni zamanda həyatdır, hər hansı bir real hadisə ədəbi nümunə şəklində verilirsə, bunu alqışlamağa dəyər. Narahatlıq yaradan ədəbiyyatda bu sahəyə olan meyil, bəzi gənclərin azadlığı yalnız erotik şeirlərdə, hekayələrdə görmələridir. Çılpaqlıq, erotik təsvirlərlə azadlıq qazanılmır. Yox əgər azadlığı fərdi azadlıq kimi qiymətləndirirlərsə, deməli, onlar üçün abırsızlıq əsl müstəqillik etalonudur. Qəzet səhifələrində bəzən şeirlər o qədər çılpaq, əxlaq normalarından kənar olur ki, ədəbiyyat ədəbsizlik uçurumuna yuvarlanır.
   Bu gün istər türk, istər Avropa ədəbiyyatına nəzər saldıqda artıq gül, bülbül, bağ, bağça simvolik məhəbbət, bəzi cansıxıcı, ürəkdən gəlməyən vətən mövzularının ədəbiyyatın zibilliyinə atıldığını görürük. Dünyanı ən məşhur mükafatları yüksək bədii texnikalı, ədəbi və əbədi kriteriyalara malik əsərlərə verilir. Ədəbiyyatda bu gün imzaları tanınan, Aqşin, Rasim Qaraca, Zahir Əzəmət kimi şairlər ədəbiyyata gələndə bəzi erotik şeir, ədəbiyyat nümunələri yaratsalar da, özlərini sonradan bu mövzunun aludəçisi, yalnız çılpaqlığın çarçısı kimi göstərmədilər. Əksinə cəmiyyətin bəzi eybəcərliklərini göstərmək üçün bu tipli şeirləri ədəbiyyatda qabartdılar. Nəyə görə ədəbiyyatın mövzusuna çevriləcək məsum körpələr, kimsəsiz qocalar, gözəl qızlar, təbii həyat hadisələri ola-ola, əxlaqsızlıq daha çox ədəbiyyatın mövzusuna, obrazına çevrilir. Özlərini azad adlandıranlar, dırnaqarası dissidentlər əslində çılğıncasına reklam olunmaq niyyətindədirlər. Hətta onların bəzilərini qınamayan olsa, özlərini Aleksandr Soljintsin adlandırarlar.
   Sovetlər dönəmindən sonra bəzi yazıçılar dövrün eybəcərliklərini əks etdirən əsər yazanda özlərini dahi hesab edib, cəsarətlərindən dəm vuranlar, amma bir az əvvəl pioner qalstuku vurduqları, komsomol və partiyadakı alovlu çıxışlarını unutdular. Tarix təkrarlanır faktına inansaq, müəyyən mənada bugünkü bəzi «azadlar»ın da “azad sözü” həmin yazıçıların, şairlərin azadlığından ötə deyil.
   Sonda demək istəyirəm ki, heç də erotik hisslərin əsərdə verilməsinin, gerçəkliyin təsvirinin əleyhinə deyiləm. Çünki real həyatda olan hər hansı maraqlı və gerçək həyat səhnəsi ədəbiyyata, onun ucsuz-bucaqsız fəzasına heç də xələl gətirmir, əksinə həmin fəzanı genişləndirir. Lakin məni narahat edən sürətlə artan erotik səhnələrin və pornoqrafik fikirlərin ədəbiyyatda çoxluq təşkil etmələri, həmin məqamlardan yerində və lazımınca istifadə edilməməsidir. Çünki çılpaqlıq hələ nə geyimdə, nə ədəbiyyatda tam azadlıq sayılmır. Avropa ədəbiyyatının modern fikrindən, bədii texnikasından istifadə etmək lazımi məqamları öz ədəbiyyatımıza gətirmək olar, amma unutmaq lazım deyil ki, biz onlar deyilik. Şərqə Avropanı pərçimləmək olmaz.
   
   Fərid Hüseyn