Uca dağın əzəməti uzaqlardan daha aydın göründüyü kimi, tarix bizdən uzaqlaşdıqca İlyas Əfəndiyev də daha uca və əzəmətli görünür. Böyük alman filosofu F.Nitsşenin gözəl bir sözü var: «Dağlarda ən kəsə yol zirvədən-zirvəyə gedən yoldur, fəqət bunun üçün uzun ayaqların olmalıdır». İ.Əfəndiyev belə bir qüdrətə malik idi, o heç vaxt enmədi, daim ucaldı, çünki o, zirvələr üçün doğulmuşdu. Həm istedadı, həm də şəxsiyyəti! Onun yaradıcılığı zirvələri göyə çatan dağ silsiləsinə bənzəyir, hər əsəri yeni bir zirvə kimi daxil olmuşdu Azərbaycan ədəbiyyatına. İ.Əfəndiyev 82 sənəlik zəngin və mənalı ömrün 60-dan çoxunu zirvədən-zirvəyə getdi və əbədiyyətə qovuşdu - ədəbiyyatın əbədiyyətinə!
   
   Sağlığında olduğu kimi, bu gün də o, ən uca bədii bir zirvə olaraq yaradıcılıq üçün, ədəbiyyat üçün meyardır.
   İ.Əfəndiyev Azərbaycan tarixinə dünya müharibələri, inqilabi çevrilişlər, siyasi qalmaqallar və qanlı repressiyalar epoxası kimi daxil olmuş XX əsrin müasiri, yol yoldaşı idi. Bu əsr öz sərt sifətini ona hələ uşaq ikən - bəy babalarına, zadəgan nəslinə zərbələr vurarkən tanıtmışdı. Bolşevizmin ideoloqları tarixin bic ideologiyasını əldə dəstəvuz edərək əsil-nəcabətli bir ailəni kiçik daxmaya dolduranda körpə İlyas bu daxmaya girmədi və elə o andan da gələcəyin böyük ədibinin totalitar ideologiyaya boyun əymiş əsrlə mücadilələri başlandı. Ədib o günləri xatırlayaraq yazmışdı: «Bizim ailəmiz çox çətin vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qalmışdı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtilə tikdirdiyi böyük evimizi əlimizdən almışdılar. Bizim doqquz adamdan ibarət ailəmizə öz evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar».
   İlk hekayələrini bir qədər əvvəl yazsa da, İ.Əfəndiyev ədəbiyyat tarixinə XX əsrin ən keşməkeşli bir dövründə - 1939-cu ildə «Kənddən məktublar» kitabı ilə daxil oldu.
   Bu, ziyalılar, xüsusilə yazıçı və tənqidçilər üzərində repressiyaların tüğyan etdiyi, cəmiyyətdə satqınlığın, donosbazlığın baş alıb getdiyi bir dövr idi. İ.Əfəndiyev belə bir dövrdə əzm və inamla, başlıcası isə bənzərsiz istedadı və şəxsiyyəti ilə ədəbiyyata gəldi, nəinki sözün, ümumiyyətlə, insanın ucuzlaşdığı bir dövrdə bədii sözü urvata mindirdi, bədii fikrin diqqət və istiqamətini insan şəxsiyyətinə, onun daxili-mənəvi aləminə yönəltməyə nail oldu. Totalitar sovet rejimi çökəndən sonra, arxivlərə yol açılanda məlum oldu ki, İ.Əfəndiyev repressiyalardan üzüağ, alnıaçıq çıxıb. Beləliklə, o, bütün ömrü boyu onun nəslinə, vətəninə yad gözlə baxmış amansız ideologiyaya boyun əymədi, əksinə, bütün ömrü boyu milli yazıçı olaraq qaldı.
   İ.Əfəndiyev Azərbaycan ədəbiyyatı tarixində «60-cı illər nəsri», «yeni nəsr» kimi şöhrətlənmiş nəslin müəllimidir. Məhz o, müasiri Ə.Məmmədxanlı ilə birlikdə ədəbiyyatımızda lirik-psixoloji nəsrin əsasını qoydu və bu nəsrin «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963), «Sarıköynəklə Valehin nağılı» (1978), «Geriyə baxma, qoca» (1980), «Üçatılan» (1981), «Qaçaq Süleymanın ölümü» (1993) kimi dəyərli nümunələrini yaratdı. Sonralar ədib özü yazmışdı: «İstər nəsr, istərsə də dram əsərləri, nə yazmışamsa, son dərəcə səmimi, təbii yazmağa cəhd etmişəm. Həyat həqiqətlərinə təmənnasız, namusla sadiq qalmağa çalışmışam».
   Yazıçının nəsr əsərlərinin gücü məhz bunda - istedad və səmimiyyətin vəhdətində idi. 50-60-cı illərdə «Söyüdlü arx», 70-80-ci illərdə «Sarıköynəklə Valehin nağılı» gənc nəsillərin mənəvi-əxlaqi tərbiyəsində böyük universitetlər qədər mühüm rol oynadı, «Körpüsalanlar» nəinki 60-cı illərdə ədəbiyyata münasibətdə çevriliş yaratdı, hətta özü ilə məşğul olan yeni ədəbi tənqid məktəbi formalaşdırdı. Ədəbi tənqidin yekdil qənaəti belə idi: «İlyas Əfəndiyev müasirliyi dərindən duyan, orijinal, həssas yazıçıdır, onun qələmi, istedadının təkraredilməz xüsusiyyətləri öz təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir lirika, romantik vüsət vardır, dili axıcı, şəffaf və poetikdir. Burada yazıçının insanın mənəvi aləminin dərinliklərinə baş vurmaq bacarığı da əlavə olunsa, gözümüz önündə İ.Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan məziyyətlərin geniş və əlvan mənzərəsi açılar» (Ə.Ağayev).
   İ.Əfəndiyev 40 ildən artıq, demək olar ki, XX əsrin ikinci yarısında Azərbaycan teatrının ağırlığını şərəflə öz çiyinlərində daşıdı. XX əsr Azərbaycan mədəniyyəti tarixində teatr məktəbi yaratmaq üç böyük dramaturqa nəsib olub: C.Cabbarlıya, H.Cavidə və İ.Əfəndiyevə! Onların dramaturgiyası teatrda rejissor və aktyor məktəbləri formalaşdırdı: monumental üslublu rejissura (başçısı A.İsgəndərov), romantik pafoslu üsluba malik rejissura (başçısı M.Məmmədov) və psixologizm məktəbi (başçısı T.Kazımov).
   İlyas müəllim XX əsrin ikinci yarısında formalaşmış rejissor sənətini təhlil edərək yazırdı: «Rejissor barədə düşünəndə gözümün qarşısında Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov canlanır... Mən, əsasən, bu rejissorların işi ilə ya bilavasitə, ya da dolayısı ilə tanışam. İstər Adil İskəndərovun, istərsə də Tofiq Kazımovun akademik teatrda fəaliyyəti ayrı-ayrılıqda hərəsi bir mərhələdir. Əgər Adil İsgəndərov genişmiqyaslı, diapazonlu, epik səpkili tamaşalar ustası kimi parlamışdısa, Tofiq Kazımov lirik-psixoloji tamaşaların həssas, emosional, istedadlı bir quruluşçusu kimi tanınmışdı».
   İ.Əfəndiyevin «Atayevlər ailəsi» (1954), «Sən həmişə mənimləsən» (1964), «Unuda bilmirəm» (1968), «Məhv olmuş gündəliklər» (1969), «Mahnı dağlarda qaldı» (1972), «Qəribə oğlan», «Büllur sarayda», «Sevgililərin cəhənnəmdə vüsalı», «Xurşudbanu Natəvan» (1981), «Bizim qəribə taleyimiz» (1988), «Hökmdar və qızı» (1994) kimi pyesləri teatrın inkişafını yeni - lirik-psixoloji istiqamətə yönəltdi.
   İ.Əfəndiyev teatrının öz aktyor məktəbi formalaşdı: H.Turabov, A.Pənahova, F.Poladov, Ə.Qədirov və başqaları bu məktəbin ən istedadlı və bənzərsiz nümayəndələridir.
   Bir qədər irəlidə adlarını çəkdiyimiz nəsr əsərləri ilə bərabər, orijinal dramaturgiyası ilə də İ.Əfəndiyev sovet dövrü ədəbi mühitində və teatr prosesində sosializm realizminin ideoloji ehkamlarını ustalıqla dağıdır, onun monoton estetik prinsiplərini tənəzzülə uğradırdı. Azərbaycan ədəbi mühitində bədnam konfliktsizlik nəzəriyyəsinə ilk zərbəni İ.Əfəndiyevin dərin konfliktlər əsasında yazılmış «Bahar suları» vurdu. Məhz onun nəsri şablon müsbət qəhrəmanı gülünc bir vəziyyətə saldı.
   «İ.Əfəndiyev nəinki iştirakçısı olduğu ədəbi prosesin qabaqcıl, cəsarətli meyillərini əsərlərində təmsil edir, həm də əsərləri, bütün yaradıcılığı bu mənada müasir ədəbi prosesə əzəmətli miqyasda təsir göstərir, onu istiqamətləndirirdi» (Ş.Salmanov).
   Cəsarətlə demək olar ki, çox novator nəsri, bənzərsiz dramaturgiyası, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə qayğı və məhəbbət dolu məqalələri, şəxsiyyətinə ardıcıl və dönməz sədaqəti ilə İ.Əfəndiyev, həqiqətən, XX əsrin 60-cı illərindən «ədəbi dövrün başçısı» idi. O, bu ədəbi-tarixi missiyanı son dərəcə dəqiq, cəsarətlə və inadkar bir inamla başa vurub, ədəbiyyat tariximizdə dərin iz qoyaraq əbədiyyətə qovuşdu.
   80-ci illərin əvvəlləri idi. Gənc tənqidçi kimi televiziyada «Yeni əsərlər, yeni arzular» verilişini aparırdım. Növbəti verilişi yazıçıların Şüvəlandakı Yaradıcılıq evində hazırlayırdıq. Bu verilişdə Əzizə Cəfərzadə, Əlibala Hacızadə, Atif Zeynallı, Məhərrəm Əlizadə çəkilirdi. İlk müsahibim İlyas Əfəndiyev idi, onu nəvələri ilə çəkdik. O zaman görkəmli sovet yazıçılarına «Sosialist Əməyi Qəhrəmanı» adı verilirdi. Bu, həmin dövrdə dövlətin ən böyük fəxri adı sayılırdı. Və mən çox səmimi keçən söhbətimiz zamanı İlyas müəllimdən soruşdum: - İlyas müəllim, nə əcəb sizə «Sosialist Əməyi Qəhrəmanı» adını verməyiblər? İlyas müəllimin üzü ciddiləşdi, sərt görkəm aldı, amma, yəqin, mənim xətrimə dəyməmək üçün gülərək yavaşca dedi: - Çünki mən sosialist yazıçısı deyiləm. Bir də ki, mən belə şeylərə məhəl qoymuram. Sonra keçdi dahi ədiblər haqqında söhbətə...
   İ.Əfəndiyev sovet dövrünün ən böyük milli Azərbaycan yazıçısı idi, yaradıcılığı türkçülük və azərbaycançılığın vəhdətindən mayalanmışdı. Elə buna görə də 60 illik yaradıcılıq dövründə sovet ideologiyası İ.Əfəndiyevə qalib gələ bilmədi. Əksinə, tarix İ.Əfəndiyev fenomeninin təsdiqinə və təsbitinə xidmət etdi. Onun əsərlərini bir daha nəzərdən keçirəndə yaradıcılığının əzəmətinə, istedadının nəhayətsizliyinə, şəxsiyyətinin dönməzliyinə və bütövlüyünə heyran qaldım.
   Yazıçı möhtəşəm tarixə malik ana dilimizə tükənməz sevgi ilə yanaşıb, onun üstündə əsib, bir dəfə də olsun türkcəmizin imkanlarından sui-istifadə etməyib, tarixi əhəmiyyətini dərk edib, qədrini bilib, duyaraq ucaltmağa nail olub. Dram və nəsr əsərləri göstərir ki, İ.Əfəndiyev yüksək dil fəhmi, dillə ünsiyyət mədəniyyətinə malik qüdrətli sənətkar idi.
   İ.Əfəndiyev mütəffəkir sənətkardır. Onun aydın və dərin fəlsəfəsi xalq mənəviyyatından qidalanır. Çünki İ.Əfəndiyevin yaradıcılığı xalq həyatı məcrasında davam edib. Xalqla nəfəs-nəfəsə yaşaması, öz qəhrəmanlarını xalqın içərisindən seçməsi, böyük vətənkeşliyi, xüsusilə Qarabağ taleyini tarixi kontekstdə bədii düşüncənin mərkəzinə çəkməsi ondan böyük bir azərbaycançı kimi bəhs etməyə tamamilə imkan verir. İ.Əfəndiyev fəlsəfəsinin cövhərində azərbaycançılıq dayanır.
   İ.Əfəndiyev hər cür konyunkturadan uzaq böyük ədəbiyyatın yaradıcısıdır. Bu ədəbiyyatın mərkəzində bütün dövrlərin dahilərini düşündürmüş İNSAN dayanır. Böyük ədib özü belə yazırdı: «İstedadlı yazıçı istər istehsalatdan yazsın, istər müharibədən, istər elmi kəşflərdən - onun üçün birinci məsələ İnsan və həmin insanın taleyidir». Belə insanın ən kamil nümunəsi məhz İlyas müəllimin özüdür. «Yazıçı həmişə özünü yazır» - deyimi onun yaradıcılığında tam mənasında özünü doğruldur. Şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan ikinci belə qüdrətli sənətkar tapmaq çətindir.
   Onun əsərləri Azərbaycan xalqının mənəvi pasportudur, onlar XX əsrin ikinci yarısında azərbaycançılığın total ideoloji təzyiqlərdən qorunmasına ləyaqətlə xidmət etmişdir.
   
   Nizaməddin Şəmsizadə,
   filologiya elmləri doktoru, professor