. Bütün bu işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti sizin fəaliyyətinizi müxtəlif dövrlərdə yüksək qiymətləndiribdir. Bildiyiniz kimi, mən də bu gözəl yubileyiniz münasibətilə sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm. İstəyirəm ki, bu gün özüm bu ordeni sizə təqdim edim».
   Sonra Prezident İlham Əliyev “İstiqlal” ordenini Əlibaba Məmmədova təqdim edib.
   Xalq artisti Əlibaba Məmmədov dövlətimizin başçısına təşəkkür edərək deyib: «Əzizimiz və çox hörmətli cənab Prezidentimiz! Mən səmimi qəlbdən Sizə öz təşəkkürümü bildirirəm ki, məni dövlətimizin ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmisiniz. Bu, təkcə mənə yox, bizim milli sərvətimiz olan muğamlarımıza hörmətdir. Bu, bizim muğam ifaçılarımıza, eyni zamanda xalqımıza böyük hörmətdir. Buna görə çox sağ olun.
   İnandırıram Sizi, üç gündür ki, mən telefonlara cavab verməkdən yorulmuşam, hətta başqa ölkələrdən - Almaniyadan, İrandan mənə zəng vururlar. Eyni zamanda bölgələrimizdən zəng vurur, məni təbrik edir, Sizə isə “Sağ ol” deyirlər. Deyirlər ki, sağ olsun cənab Prezidentimiz, Allah ona uzun ömür, cansağlığı versin. Bu, böyük mükafatdır, bilirsiniz. Qaldı ki, mənə, vallah “Sağ olun” deməkdən başqa söz tapa bilmirəm. Bu, xalqımıza hörmətdir. Çox böyük işdir ki, bu yaşımda, bu yubileyimdə məni sevindirdiniz. Allah-təala Sizi qorusun, xalqımızın üstündən əskik etməsin. Allah-təala Sizi xalqımız üçün qorusun, bizim üçün qorusun. Çox sağ olun».
   Prezident İlham Əliyev deyib: «Çox sağ olun, Əlibaba müəllim. Bir daha sizi təbrik edirəm. Doğrudan da muğam sənəti Azərbaycan xalqının qəlbində yaşayır. Mən çox sevinirəm ki, gənc nəsil bu gözəl sənətə qoşulub. Muğam müsabiqələrinin keçirilməsi özlüyündə bunun gözəl göstəricisidir. Yəni, muğam müsabiqələri artıq Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilibdir. Bütün insanlar bu müsabiqələri gözləyirlər və buna çox maraqla münasibət bəsləyirlər. Əlbəttə ki, sizin kimi görkəmli ifaçılar, muğam sənətinin ustadları gənc nəslin bu gözəl sənətə cəlb edilməsində mühüm rol oynayırlar. Azərbaycan xalqı, Azərbaycan mədəniyyəti yaşadıqca, bu sənət də yaşayacaqdır.
   Mən bütün işlərinizi çox yüksək qiymətləndirərək sizə bir daha təbriklərimi bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Arzu edirəm ki, siz uzun illər bundan sonra öz tamaşaçılarınızı sevindirəsiniz və Azərbaycanın milli musiqisinin həm Azərbaycanda, həm dünyada təbliğ edilməsində səylərinizi göstərəsiniz».