Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. Fransa dövlətinin başçısı Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu barədə məlumat verərək bildirib ki, Mehriban xanım Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülüb.
   “Şərəf Legionu” ordeni 19 may 1802 ci ildə Napoleon Bonapard tərəfindən təsis edilib. Orden təkcə hərbi xidmətə görə təltif edilmir, çox sayda mülki vətəndaşlar da bu ordenlə təltif olunmuşdur. Fransa şərəf ordeni ilə təltif olunmuş yüz on dörd min insandan iki mini hal hazırda müasirimizdir. Şərəf legionu ordeni dövlət tərəfinfən bağışlanılan ən böyük təltiflərdən biridir. Bu ordenin beş dərəcəsi mövcuddur(Kavaler, Zabit, Komandan, Böyük zabit, Böyük xaç). Mükafatı on bir nəfərdən ibarət mükafat komisiyası ordenə təqdim olunmuş şəxslər barədə məlumatları araşdırdıqdan sonra ordenin verilməsinə icazə verir.
   Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazanıbdır.