2007-2008-ci illərdə YUNESKO və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən idarə olunan, Yaponiya hökumətinin ayırdığı xüsusi vəsait hesabına Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra edilən “Əbədi Muğam” adlı layihə çərçivəsində Bakının Şirvanşahlar sarayında həftəlik muğam konsertləri silsiləsi keçiriləcək. 20 konsertdən ibarət bu axşamlar böyük dinləyici auditoriyasının marağına səbəb olmuş, Bakını ziyarət edən qonaqlar qədim muğam sənəti ilə tanışlıq fürsəti qazanmışlar. Bundan dərhal sonra Mədəniyyət və Turizm Nazirliyi silsilənin davam etdirilməsi üçün daha 20 konsertin keçirilməsini təmin etsə də, texniki səbəblər üzündən bir müddətlik fasilə əmələ gəlmişdir. Hazırda YUNESKO /Yaponiya Məqsədyönlü Fondunun keçirdiyi layihənin ikinci mərhələsində bir sıra tədbirlər nəzərdə tutulur - muğam səsyazma arxivlərinin bərpası, Azərbaycanın bir sıra rayonlarında muğam ustadlarının açıq dərslərinin və konsertlərinin keçirilməsi, 2010-cu ilin iyun ayında Bakıda muğam ifası üzrə yay məktəbinin təşkili və təbii ki, yenidən Şirvanşahlar sarayında keçirilən konsertlərin bərpası nəzərdə tutulur. Bu dəfə təşkilatçılar 20 konsertdən ibarət silsilənin gənc və inkişafda olan xanəndələrin iştirakını nəzərdə tutur. 2010-cu il fevralın 17-dən etibarən hər çərşənbə günü saat 17:də muğam konsertləri davam edəcək, silsilənin açılışı isə fevralın 24-ü, saat 17-də xanəndə Ehtiram Hüseynovun çıxışı ilə başlayacaq. Tədbirə təşkilati dəstək olan qurumlar arasında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də vardır. Bu mədəni layihənin informasiya dəstəyinə İnternet vasitəsilə yayımlanan www.mugamradio.az saytı da qoşulur. Belə ki, hər növbəti konsertin anonsunu həmin veb-saytda izləmək mümkün olacaq. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu konsert silsiləsinin nəfis tərzdə tərtib olunan plakat və bukletlərini hazırlamışdır. Növbəti konsertlərdə Aslanova Oksana, Baxışova Nişanə, Bəylərov Nəzər, Əhmədov İlkin, Əliyeva Arzu, Ərəbova Rəvanə, Əsgərov Qoçaq, Ətapur Nasir, Hüseynov Ehtiram, İbrahimov Şəmsəddin, İsayeva Gülnar, Məhərrəmova Aytən, Məmmədova Zülfiyyə, Mirzəliyev Abgül, Vüqar Musayev, Vüsalə Musayeva, Babək Niftalıyev, Tağıyeva Könül, Zamanov Vüsal , Zeynalov Elnur çıxış edəcəklər.