Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2009-cu il tarixində imzaladığı Qanuna əsasən Azərbaycan Respublikası “Avropa memarlıq irsinin qorunması haqqında” Konvensiyaya qoşuldu.
   Eyni zamanda konvensiyanın ratifikasiyası ilə əlaqədar Azərbaycan Respublikasının aşağıdakı bəyanatı qəbul olundu.
   “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.
   Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində işğalın baş verdiyi tarixdən etibarən memarlıq irsinin dağıdılmasına görə bütün məsuliyyət Azərbaycan Respublikasının işğal olunmuş əraziləri işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək işğalçı Ermənistan Respublikasının üzərinə düşür”. Fevralın 15-də ölkəmiz qurumun Avropa arxitektura irsinin qorunmasına dair konvensiyasını ratifikasiya edib. Qrenada adlı konvensiya 2010-cu il iyunun 10-dan etibarən Azərbaycanda qüvvəyə minəcək. Bununla da Azərbaycan AŞ-a üzv ölkələr arasında bu konvensiyanı ratifikasiya etmiş 23-cü ölkə olub.