Xəbər verdiyimiz kimi, 2010-cu ilin 2-6 mart tarixlərində Havana şəhərində Hökumətlərarası Komissiyanın 3-cü iclası zamanı Kuba Respublikasında, habelə 7-12 mart tarixlərində Birləşmiş Meksika Ştatlarında Azərbaycan Mədəniyyəti Günləri keçirilib. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş"ə uyğun olaraq reallaşan bu tədbir respublikamızın müstəqillik dönəmində mədəniyyət günlərinin keçirildiyi ən uzaq ölkələrdəndir. Belə ki, Kuba və Meksika ilk dəfə olaraq müstəqil Azərbaycanı salamlayıb, onun mədəniyyəti, musiqisi, kinosu, incəsənəti ilə yaxından tanış olub. 
   
   Səfər təəssüratlarını bizimlə bölüşən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva Kubada start gütürən mədəniyyət günlərinin tədbir iştirakçılarının yaddaşında dərin iz buraxdığını deyir. Belə ki, kubalılar səfər iştirakçılarının yaddaşında öz səmimiliyi, mehribanlığı və doğmalığı ilə qalıb: «Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin ilk tədbiri Havananın Xose Marti adına Milli Kitabxanasında keçirildi. Kitabxananın qalereyasında Azərbaycan haqqında bukletlər sərgiləndi. Həmçinin səfər Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən xonçalar bəzədildi, zalda Azərbaycanı tərənnüm edən fotosərgi nümayiş olundu. Daha sonra milli geyim üzrə muzey replikalarından hazırlanan geyimlər 27 modelin simasında nümayiş olundu. Kubalıların böyük marağına səbəb olan sərgidə Azərbaycanın BMT yanında daimi nümayəndəsi və Kubada akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Aqşin Mehdiyev də iştirak edirdi. Qeyd edim ki, Havanadan başqa Azərbaycan incəsənət ustaları Kubanın Matansaz əyalətində də konsert proqramı ilə çıxış etdilər. Səfər Kuba televiziyası və mətbuatı tərəfindən də geniş işıqlandırıldı».
   Z.Əliyeva Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə Havananın məşhur Mella Teatrında düzənlənən qala konsertin də maraqla izləndiyini diqqətə çatdırdı: «Ən müxtəlif janrların çələng halında təqdim olunduğu konsert maraqla izləndi. Caz ifaçıları İsfar Rzayev-Sarabski, Ruslan Hüseynov, Tofiq Cabbarov, Aleksandr Zinger, xanəndələr Təyyar Bayramov, Vəfa Orucova, balaban ifaçısı İlham Nəcəfov, ud, tar ifaçısı Mircavad Cəfərov, Dövlət Mahnı Teatrının ifaçıları - qarmon ifaçısı Kamil Vəzirov, kamança ifaçısı İsmayıl Həmidov, sintezator ifaçısı Emil Məmmədov, qoşanağara ifaçısı Cəmaləddin Dadaşov, nağara ifaçısı Bəhruz Cavadov, klarnet ifaçısı Hürmət Rəhimov, Təranə Muradovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının rəqqasları, İradə Əlizadənin rəhbərlik etdiyi "Şərq çırağı" uşaq yaradıcılıq mərkəzinin bir qrup üzvünün çıxışlarını kubalılar böyük heyranlıqla izlədilər. Eləcə də rejissor Cavid İmamverdiyevin rəhbərlik etdiyi (“Yaddaş” sənədli filmlər studiyasının direktoru, rejissor) işçi qrupun təqdim etdiyi səhnə tərtibatı böyük marağa səbəb oldu. Eləcə də kubalı uşaqlar Azərbaycan Mədəniyyət Günləri iştirakçıları üçün konsert proqramı ilə çıxış edib. Onların ifa etdikləri balet nömrələri, rəqslər, mahnılar Azərbaycan nümayəndə heyəti tərəfindən rəğbətlə qarşılandı. Hətta Xalq artisti Təranə Muradova uşaqlara Azərbaycan rəqsini - "Yallı"nı öyrətməyə nail oldu».
   Kubanın Musiqi Evində caz ifaçılarının açıq havada keçirdikləri konsert də böyük marağa səbəb olub. "İnfant" kinoteatrında Azərbaycan Kinosu Günləri çərçivəsində "Hökmdarın taleyi", "Qırxıncı qapı", "Məhkumlar" filmlərinin nümayişi də reallaşıb.
   Havananın Dostluq Evində komissiyanın iclasının protokolu imzalanıb. Mərasimdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, eyni zamanda Kuba Respublikasına akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Aqşin Mehdiyev, Gənclər və İdman Nazirliyinin müavini, İqtisadi İnkişaf, Rabitə nazirliklərinin ekspert səviyyəsində nümayəndələri və Kubanın dövlət rəsmiləri iştirak edib.
    Mədəniyyət günləri silsiləsi martın 7-dən 11-dək Meksikada davam etdirilib. Nümayəndə heyətinin Birləşmiş Meksika Ştatlarına ilk səfəri Meksikanın bir neçə kilometrliyində yerləşən asteklərin yaratdığı piramidalara və antrapoloji muzeyə ekskursiya ilə başlayıb. Meksika şəhərinin tarixi, mətbəxi, mədəniyyəti, nümayəndə heyətinin yaddaşında xoş izlər buraxıb.
   Mərasimin açılışında Əbülfəs Qarayev, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov və Meksika Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edib. Burada təşkil olunan konsertə yerli sakinlərlə yanaşı, Meksikada yaşayan azərbaycanlılar da qatılıb. Meksika Filarmoniyası ilə tanışlıq, Azərbaycanın orada yaşayan tanınmış nümayəndələri ilə görüşlər, Taluka şəhərindəki universitet səhnəsindəki çıxış, ayrı-ayrı şəhərlərdə keçirilən konsertlər yaddaqalan olub. Konsertlərdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev də iştirak edib. Tədbir çərçivəsində fotosərgi və Azərbaycan haqqında bələdçi kataloqun təqdimatı, həmçinin milli geyim üzrə muzey replikalarının nümayişi və Azərbaycan Kinosu Günləri çərçivəsində göstərilən filmlər yerli əhalidə mədəniyyətimiz haqqında xoş təəssürat formalaşdırıb.
   Mədəniyyət günlərinin Meksika KİV-i tərəfindən də maraqla izləndiyini vurğulayan mətbuat katibi, nazir Ə.Qarayevin Meksikanın «The News" qəzetinə müsahibə verdiyini də bildirdi: «Müsahibədə əsasən Azərbaycanın inkişaf perspektivlərindən, mədəniyyət və turizm əlaqələrinin genişlənməsindən və inkişafından söz açılıb. Qəzetin 5 mart sayında isə ölkəmiz barədə 4 səhifəlik xüsusi buraxılış nəşr edildi. Rəngarəng fotolarla zəngin buraxılışda Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarovun müsahibəsi, Azərbaycan haqqında ümumi göstəricilər, habelə xalqımızın tarixi, ədəbiyyatı, musiqisi, folklor mədəniyyəti, milli mətbəximizə dair ətraflı məlumat verilib».
   Ümumilikdə bu kimi tədbirlərin mühüm mədəniyyət hadisəsi kimi xalqlararası dostluq münasibətlərinin möhkəmlənməsinə və mədəniyyətinə böyük töhfə olacağı vurğulanıb.
   
   Təranə Məhərrəmova