Müasir İncəsənət Muzeyində “Uçuşları seyr edənlər” adlı sərgi açılıb. Sərginin açılışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak edib. 
   
   M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva açılış mərasimində çıxış edərək sərginin əhəmiyyətindən danışıb, onu mədəniyyət hadisəsi kimi qiymətləndirib. O, abstrakt təfəkkür nümunələrinin əks olunduğu sərgidə zərurətdən doğan böyük harmoniyanın ifadə edildiyini diqqətə çatdırıb: “Bu rəssamların hər biri öz sənətinin, peşəsinin bütün incəliklərinə dərindən yiyələnib. Onlar sözün əsl mənasında böyük rəssamlardır. Sərgi özlüyündə maraqlı bir ideyanı təcəssüm etdirir, onun adı “Uçuşları seyr edənlər”dir. “Uçuşları seyr edənlər” nə deməkdir? Bədii təcəssümdən, bədii durumdan göylərə tamaşa etmək, xəyala dalmaq həmişə sərbəst fikrin, azad ruhun, təxəyyülün, fantaziyanın, mürəkkəb obrazların, fərziyyələrin, duyğuların, iç aləmin təzahürü deməkdir».
   Sərginin kuratoru, tanınmış rəssam Altay Sadıqzadə müasir incəsənətin inkişafına diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. “Ekspozisiya bugünkü yaradıcılıq prosesini, Azərbaycan rəssamlarının müasir dünyagörüşünü əks etdirir və bu, diqqətəlayiqdir. Sərginin adı - “Uçuşları seyr edənlər” mənim rəsmlərimdən birinin adından götürülüb. Əsərin ideyası belədir: bizim vərdiş etdiyimiz dünya, Ay, kosmos yadplanetlilərlə birlikdə əslində böyük sürətlə uçur. Rəsmlərimizdə biz müasir kosmosun təhtəlşüurla qavranışını nümayiş etdirmişik” - deyə rəssam əlavə edib.
   Qeyd etmək lazımdır ki, sovet dövründə diqqətdən kənarda qalmış müasir Azərbaycan təsviri sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Müstəqillik dövründə Azərbaycan rəssamlarının Venesiyada keçirilmiş 2 biennalidə iştirakı və artıq 5 beynəlxalq müasir incəsənət festivalının keçirilməsi ölkəmizdə incəsənətin bu növünün inkişafına daha bir təkan verib.
   Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyinin açılışı isə bu sahədə böyük hadisəyə çevrilib. İndi müasir Azərbaycan incəsənətinin bütün nümunələrini bu muzeydə təqdim etmək mümkündür.
   Ekspozisiyada 8 müəllifin - Altay Sadıqzadə, Ağa Hüseynov, Əli İbadullayev, Fuad Salayev, Məmməd Mustafayev, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov və Şamil Buksayevin müəllifi olduqları 80-dən çox boyakarlıq, heykəltəraşlıq, qrafika nümunəsi təqdim olunub.
   Sərginin açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar, nazirlər, ictimaiyyətin nümayəndələri iştirak edib.
   Sərgi mayın 10-dək davam edəcək.