Ötən həftə Vatikanda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin kitabxana və məxfi arxivinin direktorları ilə görüşüb. Görüşdə nazir ölkəmizdə Qafqaz Albaniyasının və ona məxsus tarixi və mədəni abidələrin mövcudluğu, onların qorunması və dövlət tərəfindən qayğı göstərilməsi barədə məlumat verib. Azərbaycan Milli Kitabxanası ilə Vatikan Kitabxanası arasında əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
   
   Səfər çərçivəsində Vatikanın Mədəniyyət üzrə Pontifiak Şurasının rəhbəri arxiyepiskop Canfranko Ravazi ilə də görüşən nazir Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, tolerant dövlət olması, azsaylı xalqların dili və mədəniyyəti ilə yanaşı, onların dini etiqadları ilə bağlı hər cür şəraitin yaradılması, ölkəmizdə yeni katolik kilsəsinin istifadəyə verilməsi barədə həmkarına ətraflı məlumat verib.
   Arxiyepiskop Canfranko Ravazi ölkələrimiz arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi məqsədilə bir sıra ortaq layihələrin həyata keçirilə biləcəyini qeyd edib. O, Azərbaycanın tolerant dövlət olmasından böyük məmnunluq duyduğunu bildirib, dünyəvi dinlərə göstərdiyi qayğıya görə Azərbaycan hökumətinə təşəkkür edərək, mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı ölkəmizdə keçirilmiş beynəlxalq konfransı yüksək qiymətləndirib.
   Vatikanın mədəniyyət naziri Azərbaycan incəsənət ustalarını ölkəsində keçiriləcək kinofestivalda iştirak etməyə dəvət edib.
   Görüşlərdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
   Qeyd edək ki, aprelin 15-də Vatikanda Müqəddəs Tomas universitetində Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və qızı Fərqanə Qasımova konsert proqramı ilə çıxış edib. Tədbir ölkəmizin Vatikandakı səfirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Vatikanın Mədəniyyət üzrə Pontifiak Şurasının təşkilatçılığı ilə baş tutub.
   Həmişə olduğu kimi, bu dəfə də əcnəbi dinləyicilər Azərbaycan muğamını, Alim və Fərqanə Qasımovların ifasını alqışlarla qarşılayıblar.