Azərbaycan ilə İndoneziya arasında mədəni əlaqələr genişləndiriləcək. Bu sözləri aprelin 22-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatası sədrinin müavini Pramono Anunq Vibovonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
   
   Belə görüşlərin Azərbaycan-İndoneziya ikitərəfli əməkdaşlığının genişlənməsinə xidmət etdiyini vurğulayan S.Məmmədəliyeva qeyd edib ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.
   Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir müavini teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələrin yenidən bərpa edildiyini, ölkəmizin turizm potensialının daha da möhkəmləndirildiyini vurğulayıb. Görülən işlərin nəticəsində son illərdə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib.
   Nazir müavini qeyd edib ki, “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıdıb.
   İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş konfransının əhəmiyyətindən danışan S.Məmmədəliyeva bildirib ki, bu tədbir müsəlman ölkələri arasında mədəni əlaqələrin gələcək inkişafına xüsusi təkan verəcək.
   Nazir müavini nəzərə çatdırıb ki, 2011-ci ildə Bakıda Dünya Mədəniyyətlərarası Forumu keçiriləcək: «Bu möhtəşəm tədbirdə indoneziyalı nümayəndələrin də iştirak etməsini arzulayırıq».
   Nümayəndə heyətinin başçısı Pramono Anunq Vibovo Bakıda olmağından qürur hissi duyduğunu və burada gördüyü səmimi münasibətlərdən məmnun qaldığını diqqətə çatdırıb.
   Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən qonaq vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcək. O, ümidvar olduğunu bildirib ki, dövlətlərimiz arasında mədəni əlaqələrin inkişafı naminə ciddi addımlar atılacaq və hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi məsələsi öz həllini tapacaq.
   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq bildirib ki, İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalacaq.