"DreamWorks Animations" studiyasının çəkdiyi "Kunq fu Panda" cizgi filmi Beynəlxalq Animasiya Filmləri Cəmiyyətinin ("Annie Award") rekord sayda mükafatı uğrunda mübarizə aparır. Cəmiyyətin rəsmi saytında bildirilir ki, cizgi filmi eyni anda 16 nominasiyaya iddia edir. İkinci yerdə "Pixar Animation Studios"un 7 nominasiya uğrunda mübarizə aparan "VALLİ-İ" cizgi filmi gəlir. Üçüncü yeri isə "Disney Animation Studios"un çəkdiyi "Volt" və "Fox" kinokompaniyasının "Horton" filmləri bölüşürlər. "VALLİ-İ" və "Volt" ilin ən yaxşı cizgi filmi nominasiyası uğrunda "Kunq fu Panda" ilə mübarizə aparacaqlar. Təqdimetmə mərasimi 2009-cu il yanvarın 30-da Los-Ancelesdə keçiriləcək. Qeyd edək ki, yuxarıda adları çəkilən filmlər "Oskar" mükafatının da siyahısına salınıblar və Amerika kinoakademiyasının nominasiyasında da yarışa bilərlər.