Amerikalı pop-muğənni Britni Spirsin pərəstişkarları onu karyerasını başa vurmağa çağırıblar. «Gigwise»in məlumatına görə, fanatlar onun Britaniyanın «X Factor» realiti-şosunun çəkilişlərindəki çıxışından narazı qalıblar. Çıxışın şahidləri onun son dərəcə uğursuz olduğunu bildiriblər. Qeyd edək ki, Spirsin «X Factor»un çəkilişində çıxışı müğənninin, ümumiyyətlə, son 4 il ərzində Britaniyada ilk çıxışı olub. O, dekabrın 1-də təqdim edilən «Circus» albomundan «Womanizer» mahnısını ifa edib. Pərəstişkarlarından biri bildirib ki, Britni Spirs özü şouda iştirak etsəydi, münsiflər heyəti onu uğursuz çıxışına görə yarışdan kənarlaşdırmağa məcbur olardı: «O, çıxışı zamanı çox laqeyd idi və səhnədə çox ləng tərpənirdi. Bir sözlə, Britninin getmək vaxtı çatıb». Onun digər pərəstişkarı da kumirinin çıxışından son dərəcə məyus olduğunu etiraf edib: «Britni səhnədən getmək üçün mahnının bitməsini səbirsizliklə gözləyirdi». Lakin heç də bütün pərəstişkarları Britninin vaxtının çatdığı fikrində deyillər. Məsələn, Culi adlı qız çıxışın xoşuna gəldiyini vurğulayıb: «Bir müddət keçəcək, Britni təcrübə yığacaq və yenidən özünəinamı bərpa edəcək». Xatırladaq ki, Britni Spirs noyabrın 27-də ilk dəfə səhnəyə qayıdıb. O, Almaniyada keçirilən «Bambi Awards»ın təqdimetmə mərasimində «Womanizer»i ifa edib. Xatırladaq ki, Spirs “ən yaxşı xarici müğənni” nominasiyasında qalib gəlib.