BBC teleradio korporasiyası 2009-cu il üçün ən perspektivli musiqiçilərin siyahısını dərc edib. Musiqidən yazan jurnalistlərin tərtib etdiyi və 15 addan ibarət «Sound of 2009» siyahısına həm kollektivlərin, həm də solo-artistlərin adı salınıb. İkinci mərhələdə daha böyük ümid verən 10 ən yaxşı musiqiçi müəyyən ediləcək. 10-5-ci yerləri tutan artistlərin adı 2009-cu il yanvarın 5-də açıqlanacaq. Bundan sonra isə qaliblərin adlarının açıqlanmasına başlanılacaq. BBC yanvarın 5-dən başlayaraq hər gün bir nəfərin - dördüncü, üçüncü, ikinci yerləri tutanların və qalibin adını elan edəcək. Qalib yanvarın 9-da elan olunacaq. Qeyd edək ki, siyahı 2008-ci ildə bu və ya digər səbəbdən hansısa uğur əldə edə bilməyən və geniş populyarlıq qazanmayan kollektiv və artistlərdən tərtib olunub. 2007-ci ildə «Sound of 2008»i müğənni Adel, 2007-ci ildə Mika, 2006-cı ildə Korin Beyli Ri qazanıblar. Onların hamısı növbəti il ümidləri doğruldaraq daha geniş məşhurluq qazanıblar.