“Ən yaxşı dramatik film” nominasiyasında “Gecəqondudan olan milyonçu” qalib gəlib

“Oskar”dan sonra nüfuzuna görə ikinci mükafat sayılan “Qızıl qlobus”un təqdimetmə mərasimi keçirilib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, Kaliforniyadakı Beverli-Hillz şəhərinin “Beverli-Hillz” mehmanxanasında keçirilən tədbir birbaşa olaraq 160 ölkədə nümayiş etdirilib.


Bu mükafat Kaliforniyada yaşayıb-işləyən, Amerika kinosu barədə xarici mətbuat üçün yazan 90 jurnalistin birləşdiyi Hollivudun xarici mətbuat assosiasiyası tərəfindən təqdim edilir. Qalibləri elan etmək üçün Dastin Hoffman, Coni Depp, Kameron Diaz, Demi Mur, Martin Skorseze kimi ulduzlar dəvət edilib.


Bu il “Ən yaxşı dramatik film” nominasiyasında “Gecəqondudan olan milyonçu” qalib gəlib. Onunla bu kateqoriyada “Oxucu”, “Dəyişiklik yolları”, “Forst Niksona qarşı” və “Bencamin Battonun sirli işi” mübarizə aparıblar.
“Gecəqondudan olan milyonçu” “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.


Digər qaliblər aşağıdakılardır:

“Ən yaxşı kişi rolu” - Mikki Rurk (“Döyüşçü”)
“Ən yaxşı qadın rolu” - Keyt Uinslet (“Dəyişiklik yolları”)
“Ən yaxşı komediya filmi” - “Vikki Kristina Barselona” (Vudi Allen)
“Xarici dildə ən yaxşı film” - “Bəşirlə vals” (İsrail cizgi filmi)
“İkinci planda ən yaxşı kişi rolu” - Hit Lecer (“Qara cəngavər”)
“İkinci planda ən yaxşı qadın rolu” - Keyt Uinslet (“Oxucu”)
“Ən yaxşı cizgi filmi” - “Vall-İ”
“Ən yaxşı musiqi” - “Döyüşçü” (Brüs Sprinqstn)