Tamaşaçılara «Taksi» və «Yerlilər» filmindən tanış olan fransız kinoaktyoru Sami Naseri silahlı hücumda şübhəli bilinərək həbs edilib. «France Presse» agentliyinin məlumatına görə, kinoulduzu bıçaqla adam yaralamaqda ittiham edirlər.
Hadisə Naserinin keçmiş sevgilisi və onun rəfiqəsi ilə bir yerdə olduğu barda baş verib. Polis bildirir ki, keçmiş sevgililər arasında dava düşüb. Bundan sonra qızlar tualetdə gizlənərək başqa bir tanışlarına zəng ediblər. Naserini isə həmin şəxsə hücum edərək bıçaqla onu yaralamaqda ittiham edirlər. Zərərçəkən xəstəxanaya yerləşdirilib və onun həyatına təhlükə yoxdur.


Sami Naseri isə insidentdən sonra Parisdəki mənzilinə dönüb və elə oradaca polis tərəfindən tutulub. Həbsdən dərhal sonra kinoaktyoru xəstəxanaya aparıblar - onun qaraciyərindəki ağrılar şiddətlənib. Buna baxmayaraq, aktyora ən qısa müddətdə adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürüləcək.


47 yaşlı Naseri bundan əvvəl də dəfələrlə polisə düşüb. Sonuncu dəfə 2008-ci ilin noyabrında sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla polis avtomobilini əzdiyinə görə 6 ay müddətinə həbs cəzası alıb. Aktyorun bu həbs cəzasını çəkib-çəkməyəcəyi məlum deyil.